Azərbaycanın sədrliyi ilə BNF Zirvə Toplantısına hazırlıq müzakirə edilib
- 13 mart, 2026
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il mayın 6-8-də Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçiriləcək Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Zirvə Toplantısının proqramı və hazırlıq məsələləri müzakirə edilib.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Fransanın Paris şəhərində BNF-nin Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclaslarında aparılıb.
Tədbirlərdə Azərbaycanın BNF-yə sədrlik çərçivəsində müəyyən etdiyi prioritetlərin əhəmiyyəti vurğulanıb. Üzv ölkələr qlobal nəqliyyat siyasəti üzrə dialoqun gücləndirilməsi, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, dayanıqlı nəqliyyat sistemlərinin təşviqi istiqamətində Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib.
İclaslarda təşkilatın fəaliyyət proqramı, qarşıdakı dövr üçün strateji prioritetlər və qlobal nəqliyyat siyasətinin inkişafı ilə bağlı əsas istiqamətlər müzakirə olunub.
Hər il keçirilən Zirvə Toplantısı nəqliyyat nazirləri və sektor liderlərinin ən böyük görüş platforması hesab olunur. Bu il tədbir "Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi" mövzusuna həsr ediləcək.