Azərbaycanda suvarma suyu ilə tam təminatın vaxtı açıqlanıb

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 13:58
Azərbaycanda suvarma suyu ilə tam təminatın vaxtı açıqlanıb

2040-cı ildə Azərbaycanda əkin sahələrinin suvarılması üçün suya tələbatın ödənilməsi 100 %-ə çatdırılacaq.

"Report" bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib.

Məlumata görə, bu ilin sonuna qədər ölkədə əkin sahələrinin suvarılması üçün suya tələbatın ödənilməsi 66 %-ə, 2026-cı ildə 68 %-ə, 2027-ci ildə 90 %-ə, 2030-cu ildə 95 %-ə çatdırılması nəzərdə tutulub.

Eyni zamanda, suvarma suyu təchizatı sahəsində itkilərin azaldılması da prioritetdir. Bu il ərzində itkilərin 46 %-ə, 2026-cı ildə 44 %-ə, 2027-ci ildə 42 %-ə, 2030-cu ildə 30 %-ə, 2040-cı ildə isə 10 %-ə qədər endirilməsi planlaşdırılır.

Ölkədə 2025-2027-ci illərdə suvarma kanalları və kollektorların yenidən qurulması nəzərdə tutulur.

Bu tədbirlər nəticəsində suvarma suyu ilə təminatın 2025-ci ildə 66 %-dən 2027-ci ildə 90 %-ə yüksəldilməsi gözlənilir.

Qeyd olunub ki, bu addımlar əkin sahələrinin suvarılması sahəsində səmərəliliyin artırılması və kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edəcək.