Azərbaycan “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə təmsil olunub

İnfrastruktur
  • 23 may, 2025
  • 16:34
Azərbaycan “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə təmsil olunub

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr müavini Zaur Nağıyev və Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov Braziliyanın dövlət neft-qaz şirkəti “Petrobras” ilə bu şirkətin tərəfdaşı olan gəmi sahibləri arasında Rio-de-Janeyro şəhərində keçirdiyi əməkdaşlıq görüşündə iştirak edib. 

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, tədbirdə əsasən "Petrobras"ın idarə etdiyi gəmilərə dair tələblər, gəmiçilik şirkətləri üçün qoyulan standartlar, dünya gəmiçilik sektorunda mövcud risklər və onların idarə olunması, uyğunluq (komplayns) məsələləri müzakirə olunub.

Həmçinin, “Petrobras”ın gəmiçilik xidmətlərinə olan cari tələbatı, xüsusilə dəniz əməliyyatları və daşımalar sahəsindəki ehtiyacları nəzərdən keçirilib. Tədbirdə “Petrobras” nümayəndələri gələcək potensial layihələri barədə də məlumat verərək, bu layihələr çərçivəsində tərəfdaşlıq niyyətlərini diqqətə çatdırıblar.

Tərəflər arasında müzakirələr zamanı ASCO-ya məxsus “Aframax” tipli bir gəminin artıq uzunmüddətli çarter müqaviləsi əsasında “Petrobras”a verildiyi bildirilib və bu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Həmçinin ASCO-nun başqa gəmilərinin də bu nüfuzlu beynəlxalq neft-qaz şirkətinə icarəyə verilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.