Elbay Qasımzadə: Bakının tıxac problemi maşınların yox, düşüncəmizin problemidir – MÜSAHİBƏ
- 13 oktyabr, 2026
- 15:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Tıxacdır. Az qala, hər beş-on metrdən bir saatımı yoxlayıb müsahibəyə gecikib-gecikməməyimiz barədə düşünürəm.
– Saat 10-da burada olun, 11-də çıxmalıyam, – demişdi, – tıxacı da nəzərə alın.
Biz də gecikməmək üçün 15 dəqiqəlik yola düz bir saat qabaqdan çıxmışdıq.
Addım-addım boz Bakı küçələrində dəmir maneələri yara-yara, nəhayət, məkana varırıq. Maşından düşər-düşməz saatımı yoxlayıram: hələ 10 dəqiqəmiz qalır.
Mühafizəyə özümüzü təqdim edib arın-arxayın yuxarı mərtəbəyə qalxırıq. Müsahibimlə görüşən kimi ilk sualımı verirəm:
– Bu tıxacların axırı necə olacaq, ay müəllim?
– Heç necə, – kresloda yerini rahatlayıb əlavə edir, – bu problem bütün dünyada var, bizdə də olması, tamamilə, normaldır.
"Report" Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri əməkdar memar Elbay Qasımzadə ilə müsahibəni təqdim edir.
– Bizdə sanki son həddə çatıb, əvvəllər Bakıda tıxacın bəlli saatları var idi, amma indi...
– Mexikonun 27 milyon əhalisi var. Orada tıxac problemi yoxdur? Var və dəhşətli səviyyədədir. Paris olsun, mən Parisdə Eyfel qülləsindən qaldığımız hotelə gedəndə gördüm ki, taksi tərpənmir, düşüb piyada gedəsi oldum. Niyə? Tıxaca görə.
– Yəni iri şəhərlərdə də vəziyyət belədir, bunu başa düşürəm, amma Bakı hara, Mexiko, Paris hara. Bakıda əhali sayı onlar qədər deyil axı, uzağı, 3-4 milyon olar.
– Heç o qədər də deyil, 2 milyon yarım olar. Amma Bakı ilə bağlı başqa məsələ də var.
– Nədir o məsələ?
– O məsələ bizim düşüncəmizdir. Məhz bizim düşüncəmiz bu situasiyanı daha da gərginləşdirir. Misal üçün, adamın yaşadığı yerdən 500 metr aralıda çörək mağazası yerləşir. O da çörək almaq üçün həmin o 500 metri maşınla gedir. Üstəlik, gedib maşını saxlayır küçənin ortasında, maşından da düşüb deyir ki, bir dəqiqəyə çörək alıb çıxıram. Vəssalam, o bir dəqiqə hər şeyi iflic edir. Məktəblərin, uşaq bağçalarının qarşısı... Vallah, mən orta məktəbə gedən vaxtı atam nazir idi. Qələt eləyərdim atamın maşını ilə məktəbə gedim. Amma indiki valideynlər? – əllərini yana açıb gözləyir.
Yəni insanlarda düşüncə dəyişməlidir. Mütləq dəyişməlidir. Maşın nə üçündür? Uzaq məsafəyə getmək və yaxud hər hansısa təcili məsələ üçün. Hər yerə maşınla getmək olar? Hər adi hal üçün maşına minmək olar? Olmaz.
Tokionun 22 milyon əhalisi var, amma, demək olar ki, tıxac yoxdur! Niyə? Çünki hamı metrodan istifadə eləyir. Baxırsan, metrodan elə geyimdə adam çıxır ki, düşünürsən, bu adam özünə hətta təyyarə də ala bilər, amma metro ilə gedib gəlir.
Mütəmadi şəkildə metrodan istifadə edirəm
– Siz özünüz sonuncu dəfə nə vaxt metroya minmisiniz?
– Mən mütəmadi şəkildə metrodan istifadə edirəm. Hələ stansiyalardan birinin də müəllifiyəm.
– Bəli, "Azadlıq prospekti" stansiyası.
– Ay sağ ol. Nəqliyyat, əlbəttə, rahatlıqdır, amma gərək səmərəli istifadə olunsun. Hər xırda şeydən ötrü şəxsi nəqliyyatdan istifadə eləməzlər. Hamı deyir ki, sağlamlığın əsas şərti hərəkətdir. Bunu hamı bilir, amma heç kim əməl eləmir. Sonra deyir ki, oram ağrıyır, buram ağrıyır, xəstələnmişəm, gecə yata bilmirəm, belim ağrıyır.
– Siz özünüz aktiv həyat tərzi sürürsünüz?
– Bəli, mən, sadəcə, uzaq məsafələrə maşınla gedirəm. Gün olub ki, 5-6 saat şəxsi maşından istifadə etməmişəm, getdiyim yerlərə piyada getmişəm.
Metromuz, avtobuslarımız var, amma sistem ümumilikdə qanedici deyil
– Bəs, sizcə, ictimai nəqliyyatın vəziyyəti…
– Bəli, gərək ictimai nəqliyyat elə işləsin ki, insanlar rahat istifadə edə bilsinlər. Şükür, metromuz, avtobuslarımız var, amma nəqliyyat ümumilikdə kifayət qədər deyil. Bir ara söhbət düşdü ki, nəqliyyatı yüngülləşdirmək üçün Bayıldan Əhmədliyə körpü çəkmək lazımdır. Mən memaram, oturdum fikirləşdim ki, bu layihə bizə nə verəcək? O yolla gələn maşınlar cənubdan gəlib şimal istiqamətində gedənlərdir. O adamların Əhmədlidə nə işi var? Hərlənib fırlanıb gəlib yenə girəcəklər şəhərin içinə, nəticə dəyişməyəcək, effektiv olmayacaq.
– Bir ara təklif verirdilər ki, Bakının nəqliyyat yükünün azaldılması üçün bəzi dövlət qurumları, universitetlər paytaxtdan köçürülsün. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin binası niyə Gəncədə yox, Xətai rayonunda olmalıdır? Sizcə, ağlabatandır?
– Bu təklifə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, bəli, razıyam, şəhərin hazırkı yükünü azaltmaq lazımdır. Deyirsiniz ki, dövlət qurumları Bakıdan kənara çıxarıla bilər. Bir tərəfdən, məntiq var, Kənd Təsərrüfatı Nazirliyinin binası regionlarda ola bilər. Eləcə də başqalarının. Amma bir məsələ də var, hökumət Bakıdadır, bu mənada, hökumətin dövlət qurumlarına əlçatanlığı olmalıdır. Yəni onların fəaliyyəti daimi Nazirlər Kabineti ilə bağlıdır, kommunikasiya üçün burada olması daha əlverişlidir.
O ki qaldı universitetlərə, bəli, bu gün bizim Bakıdan kənarda kifayət qədər universitetlərimiz mövcuddur. Lənkəran, Mingəçevir, Gəncə, Sumqayıt, Naxçıvan… Olması da çox yaxşıdır, çünki bu universitetlər bölgələrdə yaşayan insanlar üçün, onların komfortu üçün əlverişlidir. İndi sual verirəm, Dövlət Neft və Sənaye Universitetini hara köçürək?
Tutaq ki, Memarlıq və İnşaat Universitetini Siyəzənə köçürdük, müəllimlərə deyək ki, istəyirsən gəl, istəyirsən gəlmə?
– Onu köçürməyək, məsələn, Dövlət Pedaqoji Universiteti olsun.
– Lap o olsun, universitetin əsas funksiyası bilik vermək deyil? Təcrübəli, yaşlı müəllimlərin taleyi necə olacaq bəs? Onlar həmin universitetlə bərabər hansısa regiona necə gedəcək? Getməyəcək. Mən demirəm ki, bizdə gənc kadr yoxdur, var, kifayət qədərdir, amma yaşlı, təcrübəli müəllimlərə hər zaman ehtiyac var. Tutaq ki, Memarlıq və İnşaat Universitetini Siyəzənə köçürdük, o zaman həmin müəllimlərə deyək ki, istəyirsən gəl, istəyirsən gəlmə? Olmaz axı. Bilirsiniz, bu kimi ideyaları elə-belə orijinallığa görə ortalığa atırlar, sonra çəkilib dururlar qıraqda.
– Bakıda doğulub, böyümüsünüz. Bir müddət Bakının Baş memarı kimi fəaliyyət göstərmisiniz. Bir sözlə, Bakının həm əvvəlki simasını görmüsünüz, həm indi. Sizcə, ənənəvi "Bakı siması"nı qoruya bilmişikmi, yoxsa müasirliyə daha çox meyillənmişik?
– Bakı elə Bakıdır. Sözsüz, Bakıya yanaşmada müxtəliflik var. Misal üçün, bax bizim oturduğumuz bu binanın qarşı tərəfində söküntü işləri gedir, orada bir binanı saxlamışdılar. Deyilənə görə, dövlət tərəfindən mühafizə olunan abidələr siyahısında idi. Hər dəfə o binaya baxanda düşünürdüm ki, bu binanı niyə saxlayıblar? Heç bir tarixi əhəmiyyəti və siması yox idi. Axırı sökdülər. Amma insanların əksəriyyəti eləcə baxıb deyir ki, heyf filan binanı sökdülər.
Bakının müasir Bulvarı dünyanın ən gözəl bulvarlarından biridir, mən bununla fəxr edirəm
Mən İçərişəhərdə doğulmuşam. Tez-tez gedirəm, gəzirəm. Yəni həftədə, heç olmasa, bir dəfə getməliyəm. O vaxt bizim küçənin tinində neft satılan balaca bir dükan vardı. Evdə balaca bir neft qabı vardı, gedirdim, doldurub gətirirdim. Hər dəfə İçərişəhərə gedəndə həmin dükan yadıma düşür, qəribə oluram. Məgər bu o deməkdir ki, həmin dükan həmişə orada olmalıdır? Yox! Dünya, həyat, şəhərlər dəyişir. Ümumiyyətlə, şəhərlərin simasının dəyişməsi mütləqdir. Bunun başqa yolu yoxdur. Nə üçün? Çünki şəhərlər də insanlar kimi qocalır. İnsan qocalıb ölür, şəhərlər isə min illərlə yaşayır. Ona görə ki onlar simalarını dəyişmək iqtidarındadırlar. Əlbəttə, mən də hərdən nostalgiya ilə fikirləşirəm ki, hə, qabaq Bakı Bulvarı elə idi, belə idi. Amma bu gün Bakının müasir Bulvarı dünyanın ən gözəl bulvarlarından biridir. Mən bununla fəxr edirəm. Ən müxtəlif və müasir ölkələrdən qonaqlarım gəlir, aparıram Bulvara, gəzdirirəm. Baxırlar, heyran qalırlar, deyirlər, biz belə şey görməmişik.
Bir sözlə, Bakının zamanla ayaqlaşıb simasını dəyişməsi normaldır. Gəlin etiraf edək ki, 200 il bundan qabaq indi böyük məhəbbətlə baxdığımız binalar yox idi. Kapitalist dövründə, XX əsrin əvvəllərində tikilən binalardan danışıram. Bakı eləcə İçərişəhərdən ibarət idi, qala divarlarının içində. Dediyim kimi, şəhərlər böyüyür və dəyişir, Bakı da həmçinin. Sadəcə, əsas məsələ tarixiliyi qorumaqdır.
– Aydındır. Bax bu qorumaq məsələsini deyirsiniz. Mən xatırlayıram, Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə siz bir təklif irəli sürmüşdünüz. Bakının mərkəzi ilə bağlı 4 rayondan ibarət ortaq mərkəzi rayon yaradılması və oranın vahid əldən idarə olunması. Artıq Bakının Baş planı da təsdiq olunub. Bu təklifin axırı necə oldu?
– Gəlin əvvəlcə onu xatırladaq ki, müşavirənin sonunda Prezident İlham Əliyev layihəni çox bəyəndiyini bildirdi və müəyyən tapşırıqlar verdi. O tapşırıqlardan mənim payıma düşən həmin tarixi ərazinin sərhədlərini müəyyənləşdirmək idi ki, mən də onu elədim. Layihəni həm Nazirlər Kabinetinə, həm Mədəniyyət Nazirliyinə, həm də həm Bakı Şəhər İcra Hakimiyyətinə göndərdim. Onlar da sağ olsunlar, çox diqqətli yanaşdılar məsələyə, baxdılar, bəyəndilər. Hətta mənə zəng gəldi ki, sözügedən ərazinin statusunu da ayrıca işləmək lazımdır, oxuyun, baxın görün, bəlkə, əlavə təklifləriniz var. Oxudum, bəzi qeydlərimi edib qaytardım. Amma sonra birdən-birə nədənsə bu məsələ yatdı.
- Elbay müəllim, İçərişəhərdə zaman-zaman nəqliyyatın giriş-çıxışına məhdudiyyətlər qoyulur. Tam məhdudlaşdırılma olmur, başa düşüləndir, orada səfirlik ofisləri var, içərişəhərlilərin özlərinin nəqliyyatı... Bəs sizcə, İçərişəhəri tamamilə nəqliyyatsızlaşdırmaq real görünürmü? Məsələn, yaxınlıqda böyük bir yeraltı dayanacaq ideyası, yaxud başqa nəsə.
İçərişəhəri tam nəqliyyatsızlaşdırsaq, əhali çıxıb gedəcək
– Əslində, dünyada belə təcrübələr çoxdur. Məsələn, Riqanın tarixi mərkəzinə maşınların daxil olması, demək olar ki, qadağandır. Çox məhdud sayda icazə var, bu da əksərən fövqəladə hallarla bağlı olur. İçərişəhərin ərazisi elə də böyük deyil. Etmək olar, amma sizin dediyiniz şəkildə tam məhdudlaşdırma zamanı içərişəhərlilər əziyyət çəkə bilər. Çətinlik də elədir ki, bir az böyüsə, həmin adamlar çıxıb gedə bilər. Bu, artıq ciddi problem olacaq, çünki İçərişəhərin qiyməti həm də oranın sakinləridir. Orada yaşayışın olmasıdır.
Mən hər dəfə İçərişəhərə gedəndə Qız qalasının arxasındakı çayçıda oturub adamlara baxıram. Tək. Eləcə gələni-gedəni müşahidə edirəm. İçərişəhər əhalisi olmasa, o ərazi ölü şəhər olar.
Bu gün Bakı elə bir səviyyəyə çatıb ki, bura təkcə Azərbaycan mədəniyyətinə deyil, dünya memarlıq mədəniyyətinə məxsusdur
– Bakıda tarixən Avropa memarlığının izlərini görmüşük. Polşa, Almaniya, İtaliya kimi ölkələrdən gələn memarlar burada kifayət qədər işlər görüblər. Bu gün də oxşar tendensiya mövcuddur, Bakıda Avropa və dünya memarlığından müəyyən izlərə rast gəlinir. Məsələn, Heydər Əliyev Mərkəzi məşhur iraqlı memar Zaha Hadidin layihəsi əsasında tikilib. Bu kimi hallar, yəni fərqli-fərqli mədəniyyətin memarlarının əl işlərinin bir mərkəzdə, paytaxtda toplanmasına siz necə baxırsınız?
– Bu, həqiqətən, çox incə bir məsələdir. Bəli, XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda kifayət qədər yerli memar olmayıb. Məhz buna görə də Avropadan memarlar dəvət olunub. Belə baxanda, onlar heç avropalı da olmayıblar, əksəriyyəti Azərbaycanda doğulmuş polyaklar idilər. Yəni o dövrdə bu, bir növ ehtiyac idi. Bu gün Bakı elə bir səviyyəyə çatıb ki, bura təkcə Azərbaycan mədəniyyətinə deyil, dünya mədəniyyətinə, dünya memarlıq mədəniyyətinə məxsusdur. Çünki ölkəmizin, şəhərimizin statusu günü-gündən qalxmaqdadır. Yenə də təkrar eləyirəm, Avropadan, dünyanın müxtəlif ölkələrindən həmkarlarım gəlirlər, onlar, sözün həqiqi mənasında, məəttəl qalırlar.
Xarici memarların dəvət olunmasını deyirsiniz, əslində, bu hal pis deyil. Adını çəkdiyiniz Zaha Hadid dünya şöhrətli memar idi, Heydər Əliyev Mərkəzi də unikal memarlıq nümunələrindən biridir. Demək istədiyim odur ki, bu kimi layihələr şəhərin müasir görünüşünə müsbət təsir yaradır.
Hər şey dəyişir, müasirləşir. Adi özümüzdən götürək, məgər biz əmmamə geyinib ayağımıza çarıq taxırıq? Yox. İnsan müasirləşirsə, şəhərin də müasirləşməsi normaldır.
– Müasirləşməlidir deyirik, razıyam. Bəs müasir memarlıq deyəndə niyə əksər tikililər sadəcə bildiyimiz mavi şüşədən ibarət olur? Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki bütün tikililər eyni üzlükdən, eyni şüşədən ibarətdir. Yaxud Heydər Əliyev prospekti olsun. Yəni fərqli nəsə görmürük, Bakıda müasir memarlıq deyəndə ağla bir-iki istisna olmaqla yalnız mavi şüşəli binalar gəlir.
– Tamamilə haqlısınız. Təəssüf ki, müasir memarlar müasirliyi məhz elə dediyiniz mavi şüşədə, yaxud metalda görürlər. Halbuki müasir memarlığın başqa bir çox aləti, materiallar var. Özü də çox möhtəşəm, davamlı, keyfiyyətli. Əksəriyyəti şüşədən istifadə edir deyə, bir-birinə oxşayırlar, bu bir tərəfdən. Başqa tərəfdən, onu inşa edən memar düşünmür ki, bu binanı yayda soyutmaq, qışda qızdırmaq üçün nə qədər vəsait tələb olunacaq. Bunun üçün nə qədər enerji sərf olunur, bilirsiniz? Az qala, bu tip binaların istismar xərcləri binanın tikintisindən daha baha başa gəlir.
Bir şeyi də deyim ki, bu tendensiya təkcə bizdə deyil, dünyanın əksər ölkələrində yayılıb. Buna görə biz ittifaq olaraq buraxdığımız jurnalda çalışırıq ki, dünya memarlığından unikal nümunələri misal çəkək, göstərək, təşviq edək. Məsələn, son buraxılışımızda dünyaca məşhur 5 memarın işləri göstərilib, heç birində şüşə material, demək olar ki, yoxdur.
– İttifaqdan söz düşmüşkən, zaman-zaman Azərbaycandakı yaradıcı birliklərlə bağlı müxtəlif müzakirələr olur. Bunlardan ən başlıcası rəhbər şəxslərin yaş məsələsi və vəzifədə uzun müddət qalması ilə bağlıdır. Səhv etmirəmsə, siz 2012-ci ildən bu vəzifədəsiniz.
– Bəli, artıq 14 ildir.
Yaradıcı ittifaqlarda rəhbər şəxs, birinci növbədə, nüfuzlu adam olmalıdır ki, müəyyən dairələr onun sözünü eşitsin, diqqətlə yanaşsın
– Bu müzakirələr barədə fikriniz nədir? Yəni bu yöndə edilən tənqidlər, deyilən fikirlər nə dərəcədə haqlıdır?
– Gəlin oradan başlayaq ki, yaradıcı ittifaqlar həmkarlar ittifaqı deyil. Adından da bəllidir ki, bu, yaradıcı proseslə bağlı bir anlayışdır. Bu ittifaqlar nə üçün yaradılıb? Yaradıcı insanları düzgün istiqamətləndirmək üçün. Sonra dövr keçdikcə bu cəhət lüzumsuz hesab edilib, çünki cəmiyyət formalaşıb və beləcə, ittifaqların işi artıq yaradıcı mühitə dəstək istiqamətində müəyyənləşib.
Bilirsiniz, yaradıcı insanlar hər zaman müdafiə olunmaq arzusundadırlar. Yəni yaradıcı insanlar niyəsə həmişə elə bilirlər ki, onları sıxırlar, amma elə deyil. Nə qədər yaradıcı insanlar dövlət tərəfindən təltif olunub, mənzil, təqaüd verilib. Təəssüf ki, buna rəğmən belə fikir var ki, yox, bizə kifayət qədər qiymət verilmir. Gəlirik əsas söhbətə, bu adamları müdafiə edə biləcək adam da məhz ittifaqın rəhbəridir. Bu mənada, həmin şəxs, birinci növbədə, nüfuzlu adam olmalıdır ki, müəyyən dairələr onun sözünü eşitsin, diqqətlə yanaşsın, lazım olanda o dəstəyi versin, kömək edə bilsin.
– Bəs hər hansısa bir gənc kadr…
– Mümkündür, heç kəs gənclərin yoluna daş qoymur. Sadəcə, tutaq ki, yaradıcı bir ittifaqa gənc kadr gətirildi, bu adam sabah hansısa bir problem üçün hər hansısa bir nazirə zəng edəcək, dəstək istəyəcək. Nazir soruşacaq ki, siz kimsiniz? Bu gənc kadr gərək başa salsın ki, mən filankəsəm, filan yerləri bitirmişəm, filan uğurlarım var.
– Deməli, həmin nazirin də düşüncəsi dəyişməlidir də, yox?
– Yox da, gəlin razılaşaq ki, nazirliyə edilən müraciət, birinci növbədə, maliyyə məsələsi ilə bağlı olacaq. Elə nazir, yaxud nazirlik hər pul istəyənə, maliyyə umana dərhal razılıq verməli deyil axı.
Sonuncu qurultayda məsələ qaldırdım ki, gəlin məndən cavan bir nəfəri seçək, razılaşmadılar
– Yəni həm də güvən məsələsi var, deyirsiniz.
– Əlbəttə! Nazirlik o maliyyəni ayıranda arxayın olmalıdır ki, bu pul hara və necə gedəcək, kiminsə cibinə axmayacaq.
Gənc kadr deyirsiniz, mən 2012-ci ildə Memarlar İttifaqının sədri seçildim, ondan sonra buraya nə qədər gənc kadrları cəlb etmişik. Bu gün bizim idarə heyətinin 50%-dən çoxu 40 yaşına çatmamış memarlardır, yəni sizin təbirinizlə desək, gənc kadrlardır, cavanlardır. Nə üçün? Mən onları sabaha hazırlayıram. Elbay Qasımzadə ömürlük burada oturan deyil. Sizə tam səmimi deyirəm, sonuncu qurultayda mən məsələ qaldırdım ki, artıq 10 ildir, burada rəhbərəm, gəlin məndən cavan bir nəfəri seçək. Razılaşmadılar.
– Kimlər?
– İttifaqın üzvləri. Zalda 300 adam var idi, hamı bir ağızdan dedi ki, yox, Elbay müəllim, biz başqa adam istəmirik.
– Sizcə, niyə?
– Çünki bilirlər ki, əgər kiminsə səhhətində bir problem yaranıb, gəlib müraciət edən kimi mən səhiyyə nazirinə zəng edəcəyəm, deyəcəyəm ki, bizim bir həmkarımız var, istedadlı, bacarıqlı adamdır, onun səhhəti ilə diqqətli maraqlanın. Yaxud birinin ev problemi olur, heç kəsə yox demirəm mən, bacardıqca, əlim çatan qədər müraciət edirəm, köməklik göstərirəm. Əgər mənim belə bir imkanım varsa, niyə bunu istifadə eləməyim? Mən demirəm ki, yaradıcı ittifaqlara yalnız yaşlı adamlar rəhbərlik etməlidirlər, xeyr. Sadəcə, burada, birinci növbədə, nüfuzdur.
Gələn ilin dekabrında bizim növbəti qurultayımız olacaq. Mən yenə də bu məsələni qaldıracağam, deyəcəyəm ki, mənim artıq 78 yaşım var, gəlin başqa namizəd tapaq və seçək.
– Yenə istəməsələr?
– Mən tabe olmalıyam, – əllərini qaldırıb bir neçə saniyə gözləyir.
– Mən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovla da müsahibə etmişəm. Maraqlıdır, o da demişdi ki, üzvlər alternativ namizəd istəmirlər.
– Görürsünüz… Bir şeyi də deyim, yaradıcı ittifaqlarda rəhbər işi çox ağırdır, bu yükü hər adam çəkə bilərmi? Boynuna götürə bilərmi? Kimin nəyinə gərəkdir kiminsə xahişini kiməsə çatdırsın, bunun üçün çalışsın?
Elbay müəllimlə söhbətimizin bu yerində təklif edirəm ki, söhbətimizi ittifaqın binasını gəzə-gəzə edək. O da razılaşır.
– Bax bu mebel XVIII əsrin mebelidir, özü də Almaniyadan gətirilib, – geniş zalın qarşısındakı otağa keçə-keçə bildirir, – bu, mənim Memarlar İttifaqına şəxsi hədiyyəmdir. Bu şkafı da həmçinin özüm bağışlamışam. Nə vaxtsa bu dünyadan köçərəm, gəlib bu əşyalara baxıb məni yad edərlər, xatırlayarlar.
Bu güzgünü isə, – divarın küncündəki hündür güzgünü göstərir, – Mərkəzi Park qurulan ərəfədə orada yaşayan bir qadın bağışladı. Mənə dedi ki, təzə evlərinə köçürlər, bu onun cehizlik güzgüsüdür, lakin güzgü hündürdür deyə evə sığmır. Ona görə də ittifaqa bağışlamaq istəyirəm, mən də məmnuniyyətlə qəbul etdim.
Otağın küncündəki heykəl diqqətimi çəkir. Elbay müəllim dərhal izah edir.
– İttifaqın binası Ağabala Quliyevin (XIX əsr Bakı milyonçusu, xeyriyyəçi, – N.P) mülküdür. Bu abidə də ondan yadigar qalıb. Bu heykəlin postamenti yox idi, mən hazırlatdım ki, qoy bir az boyu hündür olsun.
Tağıyevin İçərişəhərdəki abidəsinin postamentini ləğv etdilər, mən də həmmüəlliflikdən imtina etdim
– Postament dediniz, Bakıda son illər qoyulan abidələrin, demək olar ki, postamenti olmur, hamısı yerdə olur. Tağıyev, Müslüm Maqomayev, Aşıq Ələsgər...
– Bax Tağıyevin abidəsi barədə deyim ki, onun həmmüəllifi mən idim. Xanlar Əhmədov abidənin müəllifi, mən də memar. Gətirib İçərişəhər metrosunun qarşısına qoyanda, mən dedim ki, bu yerdə postamentin üzərində ola bilməz. Çünki yer postament üçün uğursuzdur, arxası ya metroya tərəf düşür, ya da küçəyə. Nəticədə, postamenti ləğv etdilər. Belə olan halda, mən də həmmüəlliflikdən imtina etdim. Memarın işi postamenti qurmaqdır da. Yoxdursa, nə müəllifliyi?
Məsələn, Niyazinin abidəsini yadına sal, postamenti, yeri, gör necə uğurludur. Müslüm Maqomayevin abidəsinə gəlincə, sözün düzü, abidə Müslümə o qədər də bənzəmir.
– Yeri gəlmişkən, memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun da abidəsi qoyulmalıdır.
– Bəli, o abidənin də qoyulacaq yeri dəyişdirilib. Neftçilər prospekti ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, Bakı funikulyoru ilə üzbəüz yaşayış binasının yanında nəzərdə tutulmuşdu, indi bir neçə variant var, nəzərdən keçirilir. Bu il ittifaqın 90 illiyidir, istəyirdim, ona çatsın, amma, görünür, çatmayacaq. Yəqin ki, gələn ilə hazırlanar.
– Abidələrdən danışırıq, Babəkin abidəsinin postamenti də bir neçə ildir, qoyulub, amma abidədən xəbər yoxdur.
– Mən Babəkin abidəsinin ilkin modelini kombinatda görmüşəm. Yəni proses gedirdi, amma sonradan dayandı.
– Niyə?
– Bilirsiniz, gəlin razılaşaq ki, Babək tarixi şəxsiyyət olaraq çox mübahisəli bir fiqurdur, məncə, əsas səbəb budur.
– Müəllim, abidələrin şəhərdə qoyulması məsələsindən danışaq. Bir sıra hallarda heykəllər ucaldılandan sonra ətrafında binalar tikilir və onun əvvəlki fonu yoxa çıxır. Abidə qoyulanda memar sonrakı prosesi düşünürmü, düşünürsə, nələri nəzərə alır?
– Şübhəsiz, dediyiniz şeylər memar üçün çox ciddi peşəkar məsuliyyət ehtiva edir. Düşünməlidir. Hər detalı nəzərdən keçirməlidir. Abidələr elə qoyulmalıdır ki, sabah olacaqlar da nəzərə alınsın. Bu, memarın düşünməli olduğu əsas şeydir, amma bəzən elə olur ki, nəzərə alınmır, maneələr çıxır. Yəni bəzən bu prinsip pozulur, elə şeylər olur ki, heç nə etmək mümkün olmur.
– Süni intellektlə aranız necədir?
– İnsan düşüncəsi hər şeydən üstündür. Yəni onun da yaddaşında olan məlumat hansısa bir insan tərəfindən yerləşdirilib və ümimiləşdirilib. Niyə mən düşünməliyəm ki, başqa-başqa fikirlərin ümumiləşməsi mənim fikrimdən üstündür? Niyə mənim ona ehtiyacım olmalıdır? Amma belə ümumi informasiya mənbəyi kimi yaxşıdır. Elə şeylər olur, oğluma deyirəm ki, bir dənə o sualı ver ona, görək nə deyir? Amma qərar qəbul olunanda ancaq öz düşüncəmə əsaslanıram.
Mənə dəfələrlə layihə gətiriblər ki, baxın görün necədir. Baxıram, incələyirəm, görürəm ki, öz məhsulu deyil, süni intellektlə hazılanıb
– Süni intellekti niyə soruşuram… Deməli, Əbədi məşəl abidəsinin həmmüəllifsisiniz. O layihə ilə bağlı sizin müsahibənizə baxmışdım, orada deyirsiniz ki, ideya Ulu Öndər Heydər Əliyevə məxsusdur. O sizə ideya olaraq təqdimat edib, siz on gün ərzində evdə eskiz olaraq işləmisiniz. Demək istədiyim odur ki, indi süni intellekt elə bir yerdədir ki, ideyanı ona izah edirsən, iki dəqiqəyə sizin on gün üzərinizdə işlədiyiniz eskizi hazırlayıb təqdim edir. Bu baxımdan, süni intellekt memarlıq üçün ciddi təhlükə deyilmi?
– Əlbəttə, təhlükədir, həm də çox böyük. Haqlısınız ki, ona müəyyən bir ideyanı verəndə çox rahat şəkildə sənə eskizi təqdim edir. Amma bir şeyi də etiraf edək ki, onun yaradıcılıq qabiliyyəti yoxdur. Mənə dəfələrlə layihə gətiriblər ki, baxın görün necədir. Baxıram, incələyirəm, görürəm ki, öz məhsulu deyil. Soruşuram, bu layihənin planı hanı? Varmı? Olmur. Deməli, süni intellektlə işləyib.
Özü də bu təhlükə təkcə bizə aid deyil, müsiqşünaslıq, rəssamlıq, digər yaradıcı sahələr… Hamısında bu təhlükə mövcuddur. Burada vahid həll insandır, insan başa düşməlidir ki, o bir insan beyninin məhsulunu istəyir, yoxsa süni intellektin? Elə bil biri var, gedib bazardan təzə kəsilmiş mal əti alırsan, yaxud da mağazalarda dondurulmuş ət.
Yavaş-yavaş pilləkənlərlə aşağı mərtəbələrə düşürük.
– Elbay müəllim, bildiyimə görə, krossvord həvəskarısınız.
– Hə. Həm də çox.
– Yenə də məşğul olursunuz, deməli.
– Əlbəttə, bir səhifəni 46 saniyəyə doldururam.
– Bir krossvord səhifəsini 46 saniyəyə? Bir səhifədə neçə sual olur ki?
– Bəli. Haradasa, 50-60. O qədər işləmişəm ki, artıq təkrar suallar da çıxır qarşıma.
– Demək, elə sual olur ki, heç bir saniyə də vaxt itirmirsiniz. Görəsən, bununla bağlı rekord varmı?
– Bilmirəm, maraqlanmamışam, amma sizin kimi həyat yoldaşım da mənə deyir ki, get Ginnesin rekordlar kitabına düş. Nəyimə gərəkdir bu yaşımda? – gülür.
– Bəs asudə vaxtlarınızda başqa nə kimi vərdişləriniz var?
– Kitab oxuyuram.
– Aha, yerli ədəbiyyatla maraqlanırsınız?
– Təbii. Məsələn, Xalq yazıçısı Natiq Rəsulzadəni oxuyuram. Sevdiyim müəlliflərdəndir.
– Bu yaxınlarda bir məsələ çıxdı, Yusif Səfərov küçəsi ilə Xocalı prospektinin kəsişməsində qoyulan Şah İsmayıl Xətainin abidəsinin üzərində yazı aşkar olundu. Müəlliflərdən biri İbrahim Zeynalovun adından abidənin nəvəsinə həsr elədiyi yazılmışdı. Bu necə ola bilər, ümumiyyətlə, nə düşünürsünüz bu haqda?
– Bilirsiniz, məncə, o yazını abidənin yerini dəyişəndə eləyiblər. Mən İbrahimi yaxşı tanıyırdım, istedadlı adam idi, məncə, o belə bir şey etməz. Çünki çox məsuliyyətli biri olub, düşünürəm ki, o yazı sonradan edilib. Bilirsiniz, Xətai kimi şəxsiyyətin abidəsini heç kəsin xatirəsinə bağlamaq olmaz. O abidə əvvəlki yerinə qoyulanda mən baş memar idim, həmin yerdə qoyulmasına razı deyildim. Çünki adama elə gəlirdi, yolun ortasında polis kimi dayanıb. Məncə, parkın içində qoyulması daha yaxşı olardı, heç indiki yeri də uğurlu deyil.
– Məncə, yer baxımından ən uğurlu abidələrdən biri Nəriman Nərimanovundur.
– Əlbəttə, o heykəl, ümumiyyətlə, şah əsərdir, abidə özü də, yeri də. Abidə məhz elə olmalıdır. Əzəmətli!..
Beləcə, Elbay müəllimlə sağollaşıb binadan çıxırıq. Bir neçə dəqiqə sürücümüzü gözləyəndən sonra zəng gəlir. Sürücümüz bizi üzbəüz küçədə gözlədiyini deyir.
– Yolu maşın kəsib, kimdirsə, maşını küçənin ortasında saxlayıb gedib.
Fotoqrafımızla birlikdə yolboyu irəlilədikcə müsahibimin bayaqkı fikrini öz-özümə təkrarlayıram: Bakının tıxac probleminin həlli üçün insanların düşüncəsi dəyişməlidir...