Azərbaycan Orta Dəhlizdə Britaniya şirkətlərinin daha fəal iştirakını təşviq edir
- 06 oktyabr, 2026
- 14:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Orta Dəhlizdə Britaniya şirkətlərinin daha fəal iştirakını təşviq edir.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclasında bildirib.
Onun sözlərinə görə, bugünkü geoiqtisadi reallıqlar etibarlı və diversifikasiya olunmuş nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayır: "Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan Orta Dəhliz boyunca əsas nəqliyyat və logistika qovşaqlarından biri kimi Avropa və Asiya arasında davamlı bağlantının təmin edilməsində mühüm rol oynayır. Son illərdə nəqliyyat və logistika infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Limanına və Bakı-Tbilisi-Qars dəmir yoluna qoyduğumuz mühüm sərmayələr dəhlizin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb".
P. Şahbazov bildirib ki, gələcəyə baxaraq, prioritet dəhlizin buraxılış qabiliyyətini daha da artırmaq və onun rəqəmsallaşdırılmasını sürətləndirməkdir: "Bu sahədə əməkdaşlığımızı genişləndirmək üçün də böyük imkanlar var. 2025-ci ildə ölkələrimiz arasında tranzit yükdaşımalarında 14 %-lik artım bu potensialı əks etdirir. Biz Britaniya şirkətlərinin və Böyük Britaniyanın ixrac krediti agentliyi - "UK Export Finance"ın (UKEF) Orta Dəhliz boyunca infrastruktur və logistika layihələrində daha fəal iştirakını təşviq edirik".