AZAL: "Airbus A321neo" təyyarəsi istismara hazırdır, onu istənilən marşrutlarda istifadə etmək olar
- 24 iyun, 2026
- 16:47
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sifarişi ilə Almaniyanın Hamburq şəhərindəki "Airbus" zavodunda yığılan "Airbus A321neo" təyyarəsi aviaşirkətin tələblərinə tam şəkildə cavab verir və istismara hazırdır.
Bunu "Report"un Hamburqa ezam olunmuş əməkdaşına açıqlamasında "Airbus A320" ailəsi təyyarələrinin kapitanı, AZAL-ın uçuşların təhlükəsizliyi üzrə direktoru Rinat Hüseynov bildirib.
Onun sözlərinə görə, aviaşirkət hava gəmisinin çatdırılmasını təxminən dörd il gözləyib.
R.Hüseynov qeyd edib ki, yeni laynerin sınaq uçuşunda və onun əsas sistemlərinin yoxlanılmasında iştirak edib: "Sınaq uçuşu zamanı biz bütün sistemlərin işini yoxladıq, təyyarənin səmərəliliyini və funksional imkanlarını, həmçinin onun iqlim və əməliyyat şəraitimizdə istismara yararlılığını qiymətləndirdik. Təyyarə möhtəşəmdir, etibarlılıq və inam hissi aşılayır. O, yaxın illər üçün aviaşirkətin qarşısına qoyulmuş məqsədlərə çatmağımıza imkan verəcək və əminəm ki, dövlətə əhəmiyyətli dərəcədə fayda gətirəcək".
Onun sözlərinə görə, bu, AZAL-ın aviaparkındakı ən müasir təyyarələrdən biridir.
"A321neo"nun istismarı üzrə mümkün marşrutlar barədə sualı cavablandıran R.Hüseynov vurğulayıb ki, təyyarə müxtəlif istiqamətlər üzrə reyslər həyata keçirmək üçün geniş imkanlara malikdir: "Bu təyyarəni demək olar ki, istənilən marşrutlarda - Avropa, Asiya, eləcə də şimal və cənub istiqamətlərində istifadə etmək olar. Təyyarə orta məsafəli hava gəmiləri kateqoriyasına aiddir. Lakin öz sinfində ən böyük uçuş məsafələrindən birinə malikdir".