Anar Quliyev: "Azərbaycanda "yaşıl tikinti" keçid iqtisadi əhəmiyyət daşıyır"

İnfrastruktur
  • 19 may, 2026
  • 15:29
Anar Quliyev: Azərbaycanda yaşıl tikinti keçid iqtisadi əhəmiyyət daşıyır

Şəhərlər dünya miqyasında ümumi emissiyaların təqribən 70 %-ini, həmçinin qlobal enerji sərfiyyatının üçdə ikisindən artığını əhatə edir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda bildirib.

Onun sözlərinə görə, şəhərlər mobilliyin, ticarətin və innovasiyanın hərəkətverici qüvvəsidir və qlobal ÜDM-in təxminən 80 %-ni formalaşdırır: "Bu, şəhərləri iqlim dəyişikliyi ilə mübarizə səylərinin mərkəzinə qoyur və şəhər mühitini planlaşdırma, layihələndirmə və qurma yollarımızı həmişəkindən daha kritik edir".

A. Quliyev vurğulayıb ki, Azərbaycanda enerji səmərəliliyinin yüksəldilməsi və iqlim dəyişikliyinə davamlılığın artırılması şəhərsalma siyasətinin ayrılmaz hissəsinə çevrilib: "Yaşıl tikinti" və enerjiyə qənaət edən binalar şəhərsalma strategiyamızın əsas prioritetinə çevrilib. Bu yanaşma, davamlı şəhər gələcəyinin formalaşmasının tikinti və infrastrukturun uzunmüddətli ekoloji təsirlərinin minimuma endirilməsindən birbaşa asılı olduğuna olan əminliyimizi ortaya qoyur. "Yaşıl tikinti"yə keçid ekoloji zərurətlə yanaşı, eyni zamanda mühüm iqtisadi fürsətdir. Enerji səmərəli binalara yönəldilən investisiyalar davamlı infrastrukturun istismar məsrəflərini aşağı salır, vətəndaşların həyat keyfiyyətini artırır, yeni investisiyaların cəlb olunmasına şərait yaradır, innovativ həlləri stimullaşdırır və əlavə iş yerlərinin açılmasına səbəb olur. Bütün bunlar isə uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsinə ciddi töhfə verir".