Rossbax: Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası Açıq İşçi Qrupunda müzakirə edilib
- 20 may, 2026
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası məsələsini üzv dövlətlərlə birlikdə Açıq İşçi Qrupunda da müzakirə olunub.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyasında deyib.
O bildirib ki, hazırda bu qrupa rəhbərlik Azərbaycan və Somaliyə keçib:
"Əvvəllər isə həmin qrupa Çin və Fransa rəhbərlik edirdi. Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası ilə bağlı müəyyən siyasət tövsiyələri hazırlanıb. Birinci məsələ tanınma, məlumat və statistikanın vacibliyidir. Əgər düzgün məlumatımız yoxdursa, biz SDG 11.1 məqsədini təqib edə bilmərik. Şəhər səviyyəsində, milli səviyyədə və statistika qurumları tərəfindən bu ərazilərin rəsmi şəkildə tanınması çox vacibdir".
İcraçı direktorun sözlərinə görə, Qlobal Cənub ölkələrində insanlar şəhərlərə gələndə qeyri-rəsmi yaşayış məntəqələrini təhsil, səhiyyə, iş və digər imkanlara çıxış üçün keçid nöqtəsi kimi görürlər:
"Bu məkanların sosial və ekoloji funksiyası da nəzərə alınmalıdır. İnsanların bu torpaqları zəbt etməsi çox vaxt onların yeganə seçimidir və əgər bu yaşayış məntəqələri artıq formalaşıbsa, onları olduqları yerdə inkişaf etdirməliyik. İkinci mesaj inteqrasiya ilə bağlıdır. Bizə inteqrasiya olunmuş həllər lazımdır. Burada bütün sektorlar birlikdə işləməlidir".