Səbail rayonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

İncəsənət
  • 08 may, 2018
  • 04:43
Səbail rayonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, habelə çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında ulu öndərin anadan olmasının 95 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.

Rayon İcra Hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdiyi gecədə qeyd olunub ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cumlədən klassik və simfonik musiqiyə insanların marağının və biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sozlə, o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunub. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə ulu öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edib.

Ulu öndərin doğum günü ərəfəsində onun əziz xatirəsinə ehtiram olaraq həm də ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub.

Səhnədəki monitorlarda Heydər Əliyevin portreti canlandırılıb. İlk olaraq Azərbaycanın Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” səslənib.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti və İlahə Hüseynovanın dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov, Firəngiz Babayeva, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Kamal, Musa Mirzəyevin ölməz əsərləri respublikanın əməkdar artistləri: Zemfira İsmayılovanın, Almaz Orucovanın, Aqşın Abdullayevin və İlham Nəzərovun, habelə tanınmış incəsənət xadimlərinin - Nurlan Əzizbəylinin, Rövşən Əzizin, Kazım-Nizat Fəxrinin, Lətifə Soyuözün ifalarında səslənib. 

44 filmi