Qulu Əsgərovun 90 illik yubileyi qeyd olunacaq
- 04 iyun, 2018
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyun. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində iyunun 13-də xanəndə Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Mərkəzdən "Report"a verilən məlumata görə, tədbiri xalq artisti Möhlət Müslümovun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Tədbirin aparıcıları xalq artisti Mələkxanım Əyyubova və əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Gecədə xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Zakir Əliyev, Ehtiram Hüseynov, həmçinin Mirələm Mirələmov, Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilov iştirak edəcəklər.
Qeyd edək ki, Qulu Əsgərov 1928-ci ildə anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik edib. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olub.
Seyid Şuşinski kimi görkəmli muğam ustasından və pedaqoq Nəriman Əliyevdən ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnib. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb. O, bu teatr səhnəsində muğam operalarında Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyli – “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov- “Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev “Şah İsmayıl”) və bir sıra yadda qalan obrazlar yaradıb.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olub. Onun davamçıları olan xanəndələr muğam sənətində nailiyyətlər əldə edərək ustadın ənənələrini yaşadırlar.