Gənc yazarların poeziya gecəsi keçirilib

İncəsənət
  • 01 iyul, 2017
  • 10:20
Gənc yazarların poeziya gecəsi keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdən səslər-3” layihəsinin yekunu olaraq gənc yazarların poeziya gecəsi təşkil edilib və “Bölgələrdən səslər-3” antologiyası təqdim olunub. 

"Report"un məlumatına görə, Bakı şəhəri Binəqədi rayonunda yerləşən Gənclər Evində baş tutan ədəbi-bədii tədbiri giriş sözü ilə açan DGTYB-nin Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı layihənin məqsədi barədə danışıb.

O bildirib ki, ədəbi mühitdə yetişməkdə olan yeni imzalar və istedadlı qələm sahibləri məhz bu cür ədəbi-bədii tədirlərin və layihələrin sayəsində üzə çıxır və ictimaiyyətə təqdim edilir. 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ədəbi topluda yer alan gəncləri təbrik edib və onlara öz tövsiyələrini verib. O, gənc yazarlara yaradıcılıqlarında uğurlar arzulayıb.

Deputat Sona Əliyeva son illər dövlətin gənc şairlərə yaradılan dövlət qayğısına toxunub və bildirib ki, bu sahədə görülən işlər, atılan addımlar çağdaş ədəbiyyatımızda istedadlı imzaların üzə çıxmasında, gənc yazarların daha da həvəsləndirilməsində mühüm amildir.

Tanınmış jurnalist və şair Elçin Mirzəbəyli, yazar Mahir Qabiloğlu və digər çıxış edənlər layihənin əhəmiyyəti barədə təəssüratlarını bölüşüblər.

DGTYB üzvləri İntiqam Yaşar və Ülkər Pirinin aparıcısı olduğu tədbirdə topluda əsərləri yer alan gənc şairlər şeirlərini səsləndiriblər. Sonda şeirləri fərqlənən gənclərə simvolik olaraq hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Şəfa Vəli (DGTYB üzvü, Gəncə), Tural Adışirin (DGTYB üzvü, Şəki), Əfsanə Ələsgəli (DGTYB Məclis üzvü), Nofəl Ümidin (DGTYB NTK başqanı) tərtib etdiyi “Bölgələrdən səslər-3”ün layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı (DGTYB Məsləhət Şurasının başqanı), redaktorları əməkdar jurnalist Azər Həsrət, DGTYB Məsləhət Şurası üzvü Sərdar Şirvan, məsləhətçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi (AYB) “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcid, AYB Gəncə filialının sədri, şair Xəzangül, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq, rəyçiləri Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı (Sumqayıt), yazıçı-publisist Müşfiq Xan, şair-publisist İlham İsmixanoğludur (Bərdə).

DGTYB indiyə kimi “Bölgələrdən səslər”in iki cildini nəşr edərək ədəbi ictimaiyyətə təqdim edib. Antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə gün üzü görüb.