Turizm Bürosu: "RİNN ilə birgə hotellərdə monitorinqlər aparılıb"

İKT
  • 27 yanvar, 2026
  • 11:32
Turizm Bürosu: RİNN ilə birgə hotellərdə monitorinqlər aparılıb

Azərbaycanda hotellərdə internet bağlantısının keyfiyyəti yerləşmə obyektlərinin doluluq səviyyəsindən birbaşa asılıdır və pik saatlarda şəbəkəyə düşən yük istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən "Azərbaycan qonaqpərvərlik sahəsində bağlantı Sammiti"ndə bildirib.

Onun sözlərinə görə, xüsusilə beynəlxalq tədbirlər zamanı Bakıda hotellərin tam dolu olduğu dövrlərdə internet bağlantısı ilə bağlı müəyyən çətinliklər müşahidə olunub:

"Monitorinqlər göstərir ki, hotellərin doluluq səviyyəsi artdıqca internetin son istifadəçi tərəfindən qəbulu dəyişir. Pik saatlarda şəbəkəyə düşən yük artır və bu da bağlantının keyfiyyətinə təsir edir".

R. Əliyev qeyd edib ki, iri tədbirlər ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birgə hotellərdə əvvəlcədən monitorinqlər aparılıb, obyektlərin bağlantı imkanları və daxili internet infrastrukturu qiymətləndirilib.

"Bəzi hallarda internet provayderləri ilə bağlı problemlər də aşkar edilib və onların aradan qaldırılması üçün müzakirələr aparılıb. Lakin bu yanaşma əsasən epizodik xarakter daşıyır. Bizə isə davamlı və dayanıqlı mexanizm lazımdır", - deyə o vurğulayıb.

Sədr müavini xatırladıb ki, hotellərə ulduz təsnifatı üç il müddətinə verilsə də, hər il məcburi yoxlamalar həyata keçirilir və internet bağlantısının keyfiyyəti həmin yoxlamaların əsas meyarlarından biridir.

Onun sözlərinə görə, internetin keyfiyyəti gündəlik dəyişə bilən göstəricidir və yalnız birdəfəlik aparılan monitorinqlər uzunmüddətli nəticə vermir.