Saxta "WhatsApp" mesajlarından necə qorunmaq olar? - EKSPERT RƏYLƏRİ

İKT
  • 11 avqust, 2026
  • 16:22
Saxta WhatsApp mesajlarından necə qorunmaq olar? - EKSPERT RƏYLƏRİ

Rəqəmsallaşma iqtisadi tərəqqinin sürətləndirən əsas amil olmaqla yanaşı özü ilə çoxsaylı risklər də gətirir.

Belə ki, sosial şəbəkələr və mesencerlər bir tərəfdən kommunikasiyanı keyfiyyətcə yeni səviyyəyə qaldırsa da, eyni zamanda kiber dələduzluq üçün geniş imkanlar yaradır. Bu tendensiya təkcə qlobal miqyasda deyil Azərbaycan səviyyəsində də aktualdır.

Ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən xarici vətəndaşların rəhbərlik etdiyi şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə, həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan "WhatsApp" tətbiqi vasitəsilə guya "təcili" xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir.

Məsələni "Report"a şərh edən "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev deyir ki, idarənin və ya qurumun işciləri haqqında məlumat saxlayan, açıq olan sayt və yaxud digər platformanın/tətbiqin mütləq bir sıra "imuniteti" olmalıdır: "İlk növbədə məlumatların kütləvi toplanmasının qarşısı alınmalıdır. Texniki olaraq bu prosesi çətinləşdirmək üçün botların davranışını aşkar edən (Cloudflare və s.) və (sorğu sayına limit) tətbiq edilməlidir. Digər tərəfdən məlumatın maskalanması həyata keçirilməlidir. Belə ki, əlaqə məlumatları veb-saytlarda düz mətn deyil, şifrələnmiş və ya şəkil formatında göstərilməlidir. Nəhayət API nəzarəti mövcud olmalıdır. Belə olduqda məlumatlar açıq saytlardan deyil, yalnız autentifikasiya olunmuş API-lər vasitəsilə verilməlidir".

Fərid Musayev
Ekspert hesab edir ki, əməkdaşlara şübhəli mesaj gəldikdə, həmin şəxslə digər rəsmi kanallar (telefon, e-poçt) vasitəsilə təsdiqləmə aparılmalıdır: "Bu zaman kanalın doğruluğu xüsusi əhəmiyyət kəsb edir. Rəsmi tapşırıqlar "WhatsApp" kimi şəxsi kanallarla deyil, yalnız korporativ platformalarla verilməlidir. Eyni zamanda qurum daxilində "Sıfır Etibar modeli" tətbiq edilməlidir. Yəni heç bir istifadəçiyə və kanala avtomatik etibar edilməməlidir. Bütün girişlər əlavə təsdiqlə qorunmalıdır. Maliyyə itkiləri, strateji məlumat sızması və şirkətin reputasiyasının zədələnməsini önləmək üçün risklər və sistemli tədbirlər planı olmalıdır. Bura işçilərə vaxtaşırı saxta "phishing" mesajları göndərərək onların reaksiyasını test etmək uçun simulyasiya edilmiş hücumlar, kibertəhlükəsizlik mədəniyyətini hiss və əməliyyat səviyyəsində formalaşdırmaq üçün davamlı təlimlər, hücum anında işçinin nə etməli olduğunu bildiyi aydın protokolların olması daxildir".

"Report"a açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İnnovasiya şöbəsinin müdiri Samiq Museyibli isə bildirir ki, DTX-nin addımını vaxtında atılmış və vacib addım kimi qiymətləndirir. Onun sözlərinə görə, DTX-nin açıqladığı dələduzluq üsulu əslində yeni deyil, lakin son aylarda daha təkmilləşdirilmiş formada tətbiq olunur: "Bu sxem bizə çoxdan tanışdır. Yeni bir üsul deyil, sadəcə son aylarda daha da cilalanmış formaya düşüb. Fırıldaqçılar əsasən iki amildən istifadə edirlər. İnsan tanıdığı rəhbər şəxsin fotosunu görəndə onda avtomatik etibar yaranır. Eyni zamanda, mesajlarda "mütləq təcili şəkildə", "heç kəsə deməyin" kimi ifadələrdən istifadə edilir. Bununla qarşı tərəfin əlavə düşünməsinə və məlumatı yoxlamasına imkan verməməyə çalışırlar".

Mütəxəssis vurğulayıb ki, vətəndaşlar dövlət qurumlarının və onların vəzifəli şəxslərinin işgüzar kommunikasiya üsullarını nəzərə almalı və "WhatsApp" üzərindən daxil olan şübhəli tələblərə qarşı diqqətli olmalıdır: "Heç bir dövlət orqanı işini "WhatsApp" kanalı üzərindən aparmır. Heç bir rəhbər şəxs və ya hüquq-mühafizə əməkdaşı messencer vasitəsilə pul istəmir və yaxud kart məlumatlarını tələb etmir. Əgər belə hallar baş verirsə, bu, 100 % fırıldaqçılıqdır. Ən düzgün addım cavab yazmamaq, həmin şəxsin məlumatlarını götürüb dövlət qurumları ilə əlaqə saxlamaq və məlumatları onlara ötürməkdir ki, müvafiq tədbirlər görülsün".

S.Müseyiblinin sözlərinə görə, bu tip dələduzluq mesajlarının əsas hədəflərindən biri yaşlı insanlardır. Buna görə də ailə daxilində maarifləndirmənin aparılması xüsusi əhəmiyyət daşıyır: "Bu mesajların əsas hədəfi çox vaxt yaşlı nəsil olur. Ona görə də valideynlərlə bu barədə danışmaq, onlara sadə şəkildə belə fırıldaqçılıq üsullarını izah etmək ən vacib müdafiə vasitələrindəndir. Bu cür maarifləndirmə fırıldaqçıların toruna düşməmək üçün böyük əhəmiyyət daşıyır".

Mütəxəssis vətəndaşlara naməlum və şübhəli hesablardan daxil olan "təcili" müraciətlərə dərhal reaksiya verməməyi, hər hansı tapşırığı icra etməməyi, qarşı tərəfin kimliyini yalnız qurumun rəsmi əlaqə vasitələri ilə yoxlamağı tövsiyə edib: "Şübhəli mesajlarla qarşılaşdıqda yazışmanı davam etdirməmək, ekran görüntülərini saxlamaq və məlumatları aidiyyəti dövlət qurumlarına təqdim etmək tövsiyə olunur".