"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı"nın necə icra olunacağı açıqlanıb
- 15 iyul, 2026
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı" üçün dördpilləli idarəetmə modeli yaradılıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Fəaliyyət Planı 58 təşəbbüsü əhatə edir və bu təşəbbüslər dörd strateji istiqamət (rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik) üzrə qruplaşdırılıb: "Bununla yanaşı, 4 dəstəkləyici istiqamət - infrastruktur, qanunvericilik, insan kapitalı və idarəetmə müəyyən edilib. Bu istiqamətlər üzrə də müvafiq layihə və təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Hər bir istiqamətin strateji hədəfləri və məqsədləri müəyyən edilib. Bu, çoxşaxəli və müxtəlif sahələri əhatə edən kompleks proqramdır. Fərqli təşəbbüsləri vahid çərçivədə idarə etmək məqsədilə proqram üçün kompleks idarəetmə modeli hazırlanıb və dörd səviyyədən ibarət idarəetmə strukturu formalaşdırılıb".
Bundan başqa, nazir müavini əlavə edib ki, Fəaliyyə Planı üzrə 4 əsas KPI (kəmiyyət və keyfiyyət indikatorları) müəyyən edilib: "Bunlar proqramın "North Star" (şimal ulduzu) göstəriciləridir, bütövlükdə Fəaliyyət Planının uğurla icra olunub-olunmadığını məhz bu dörd göstərici əsasında qiymətləndirmək mümkün olacaq. 2028-ci ilə qədər İKT sektorunda ÜDM istehsalının 2 dəfə artırılması (hazırda 2,7 milyard manat təşkil edir), ixracın 1 milyard ABŞ dollarına çatdırılması, məşğulluğun 25 min nəfərdən 40 min nəfərə yüksəldilməsi, məşğulluğun strukturunda keyfiyyət dəyişiklikləri hədəflənir. Xüsusilə, süni intellekt, data və digər yüksək əlavə dəyər yaradan sahələr üzrə mütəxəssislərin sayının artırılması nəzərdə tutulur. Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) Azərbaycanın ilk 40 ölkə sırasına daxil olması hədəflənir. Hazırda Azərbaycan bu indeksdə 74-cü yerdədir".