Qafqazın aparıcı İKT şirkətinin internet satışından gəlirləri azalıb

İKT
  • 10 fevral, 2023
  • 15:38
Qafqazın aparıcı İKT şirkətinin internet satışından gəlirləri azalıb

“Delta Telekom LTD” MMC 2021-ci ili 23,919 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 25,1 % çoxdur.

2021-ci ildə “Delta Telekom LTD”nin satışdan gəlirləri 66,382 milyon manat (1 il əvvəllə müqayisədə 1,3 % az), trafik xidmətlərindən xərcləri 19,191 milyon manat (1,9 % az), amortizasiya xərcləri 7,452 milyon manat (14,3 % az), işçi heyətinə çəkilən xərclər 6,232 milyon manat (6,4 % çox), quraşdırma və kabel işlərinə sərf edilən xərclər 1,606 milyon manat (4,3 dəfə az), material xərci 227 min manat (5 dəfə az), digər əməliyyat xərcləri 1,320 milyon manat (22,4 % az), mənfəət vergisi üzrə ödənişlər isə 6,435 milyon manat (7,7 % çox) təşkil edib.

2022-ci il yanvarın 1-nə “Delta Telekom LTD”nin aktivləri 176,868 milyon manat olub ki, bu da, illik müqayisədə 2,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,1 % azlaaraq 33,617 milyon manata, balans kapitalı isə 5,3 % artaraq 143,251 milyon manata çatıb.

Xatırladaq ki, “Delta Telekom LTD” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 27 min manatdır. Şirkət Qafqaz regionunda telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən yeganə aparıcı operatordur. "Delta Telecom" korporativ sifarişçilər, dövlət strukturları, banklar, özəl müəssisələr, 78 % Qafqaz İSP-ləri (Internet Service Provider) və Azərbaycanda olan bütün İSP-lər üçün kompleks şəkildə həllərin tətbiqi, həmçinin istənilən xidmətin keyfiyyətinin artırılması məqsədilə gün ərzində 24 saat fəaliyyət göstərən quraşdırıcı və servis-qəza xidmətləri təşkil edir.

Şirkətin Azərbaycandakı müştəriləri arasında Azərbaycan Beynəlxalq Bankı, Capital Bank, Respublika Bank, Vergilər Nazirliyi, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, Xüsusi Təyinatlı Polis Dəstəsi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd xidməti , Yol polisi, Fövqəladə Hallar Nazirliyi, Respublikanın bütün rayonlarının İcra orqanları və sairə təşkilat və müəssisələr var.

Bununla da Azərbaycanda ilk dəfə simsiz, genişzolaqlı, limitsiz internetdən istifadənin əsasını qoyulub.