Nazir müavini: "Bu gün gənclər Azərbaycandan ayrılmadan ən yaxşı təhsil ala bilirlər"
- 17 iyul, 2026
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Son illər təhsil sahəsində həyata keçirilən islahatlar, beynəlxalq tərəfdaşlarla birgə icra olunan layihələr və yeni təhsil modelləri gənclərin Azərbaycandan ayrılmadan dünya səviyyəli təhsil almasına şərait yaradır.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "IT SkillSprint" proqramının bağlanış mərasimində deyib.
O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ildən xaricdə təhsil üzrə dövlət proqramı həyata keçirilir və hər il 500 gənc dünyanın aparıcı universitetlərinə göndərilir: "Amma bizim həmişə bir arzumuz olub – imkan olsun, amma ehtiyac olmasın. Bu gün həyata keçirilən islahatlar, ikili diplom proqramları, "bootcamp"lar və yeni fakültələrin yaradılması artıq imkan verir ki, gənclərimiz öz evindən ayrılmadan ən yaxşı təhsili alsın. "IT SkillSprint" proqramı bunun uğurlu nümunələrindən biridir. Proqram əmək bazarının tələblərinə uyğun hazırlanıb və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur".