Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib
- 26 noyabr, 2026
- 16:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikasında Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib.
"Report"un yerli bürosu xəbər verir ki, stansiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlığı çərçivəsində yaradılıb.
Stansiyanın yaradılması Nazirlər Kabinetinin 17 dekabr 2024-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.7.1.2.4-cü bəndində nəzərdə tutulan "Dövlət Radiotezliklər İdarəsinin Naxçıvan regional məntəqəsinin yaradılması" tədbirinin icrası çərçivəsində həyata keçirilib. Stansiyanın müasir texniki və ölçü avadanlıqları ilə təchizatını və fəaliyyətinin təşkilini DRİ təmin edib.
Stansiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublikada radiotezlik spektri və radioelektron vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsi, operativ radiomonitorinq həyata keçirilməsi, radiotezlik istifadəçilərinin uçotunun aparılması və onların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.