Kamran Ağayev: "Azərbaycanda vətəndaşa verilən sənədləri süni intellekt hazırlayacaq"
- 05 noyabr, 2025
- 11:52
Azərbaycanda süni intellekt dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya olunaraq vətəndaşın sənədlərini avtomatik hazırlayacaq.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Data İdarəolunması Departamentinin direktoru Kamran Ağayev Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, süni intellekt sistemi gələcəkdə agent əsaslı rəqəmsal məsləhətçi platformasına çevriləcək: "Gələcəkdə bu platforma vətəndaşlara həyat hadisələri - doğum, nikah, ölüm kimi proseslərdə yardım edəcək. Məsələn, uşaq doğulduqda vətəndaş yalnız bir dəfə məlumat təqdim edəcək, süni intellekt isə arxa planda bütün dövlət qurumları ilə əlaqə yaradaraq lazımi sənədləri avtomatik şəkildə hazırlayacaq".
K. Ağayev əlavə edib ki, bu yanaşma dövlət xidmətlərinin avtomatlaşdırılmasını və vətəndaş məmnuniyyətinin artırılmasını təmin edəcək.