ITU: Azərbaycan AI sahəsində qlobal təhlükəsizlik standartlarının formalaşdırılmasında fəal mövqe tutmalıdır - MÜSAHİBƏ
- 31 oktyabr, 2025
- 16:27
 
                            
                            
                        Azərbaycan süni intellektin, kibertəhlükəsizliyin və rəqəmsal etimadın inkişafına diqqət yetirməklə Avropa və Asiya arasında rəqəmsal körpü kimi mövqeyini möhkəmləndirir. Bu kontekstdə kiberdayanıqlıq məsələsi texniki gündəmdən kənara çıxaraq məlumatların və bulud infrastrukturunun qorunmasından məhkəmələrdə rəqəmsal sübutların etibarlılığına qədər milli və regional təhlükəsizliyin bir hissəsinə çevrilir.
"Broadcom" şirkətinin qlobal təhlükəsizlik üzrə strateqi, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 17-ci tədqiqat qrupunun (ITU-T SG17) sədri və ITU-T SG17-nin Böyük Britaniyadan olan sədr müavini Arno Taddei "Report"a müsahibəsində region ölkələrinin qlobal kibertəhdidlər qarşısında birgə fəaliyyət göstərməsinin əhəmiyyəti, ITU-T beynəlxalq standartlarının rəqəmsal mühitdə etimad qurmağa necə kömək etməsi və sürətlə inkişaf edən süni intellektin daşıdığı risklər barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Kibertəhlükəsizlik sahəsində regional əməkdaşlıq nə dərəcədə vacibdir və xüsusilə Avropa və Asiya arasında rəqəmsal körpü rolunu oynayan Azərbaycan kimi ölkələr üçün bunun önəmini qeyd edə bilərsinizmi?
- Bu, əsas məsələlərdən biridir. Regional əməkdaşlıq, ilk növbədə, ümumi məqsədlə birləşən bir icmanın yaradılmasıdır. Bu gün planetdə heç kim kibertəhdidlərə qarşı təkbaşına mübarizə apara bilməz. Kibertəhlükəsizlik, kibercinayətkarlıq və çox vaxt dövlət səviyyəsində kiberhücumlar qlobal miqyasda baş verən hadisələrdir. Lakin təəssüf ki, bir çox ölkələr təcrid olunmuş vəziyyətdə qalır: onlar mütəxəssis, resurs, bəzən də bulud infrastrukturu və data mərkəzlər də daxil olmaqla, texnoloji imkanların çatışmazlığı ilə üzləşir.
Bütün bunlar bəlli bir nəticəyə gətirir: təkbaşına fəaliyyət göstərsək, məğlubiyyətə uğrayacağıq. Yalnız birgə səylər dayanıqlığa şans verir. Şərq və Qərbi birləşdirən Azərbaycan üçün bu yanaşma xüsusilə vacibdir: regional əməkdaşlıq çərçivəsində ölkə təkcə öz kibermüdafiəsini gücləndirmir, həm də regionun rəqəmsal məkanının təhlükəsizliyini təmin edən bir həlqəyə çevrilir.
 
    
    
- Beynəlxalq təşkilatların və standartlaşdırma strukturlarının, məsələn, Beynəlxalq Telekommunikasiya İttifaqının bu prosesdə rolu nədən ibarətdir?
- ITU kimi beynəlxalq təşkilatlar bir növ rəqəmsal etimadın çərçivəsidir. Mən təhlükəsizlik və etimad məsələləri ilə məşğul olan ITU-T-nin 17-ci Tədqiqat Qrupuna rəhbərlik edirəm və deyə bilərəm ki, standartlaşdırma bürokratik formallıq deyil, bazarın və bütövlükdə rəqəmsal ekosistemin inkişafına təsir göstərən güclü bir alətdir.
Standartlaşdırmanın məqsədi qarşılıqlı əlaqəli, açıq və əlçatan bir dünyanın formalaşdırılmasından ibarətdir. Bu, həm texnoloji, həm də iqtisadi missiyadır.
ITU dövlətləri, özəl sektoru, akademik və elmi dairələri, eləcə də vətəndaş cəmiyyətini bir araya gətirir. Diqqətəlayiq haldır ki, təşkilatın büdcəsinin təxminən 70 %-i 160 ildir üzv ölkələrin hesabına formalaşır ki, bu da onun dövlətlərarası xarakterini vurğulayır. Universitetlər və şirkətlər bu sistemə qoşularaq onu bilik və innovasiyalarla gücləndirirlər.
Fəaliyyətimizin nəticəsi olan ən yaxşı beynəlxalq təcrübələr, tövsiyələr, standartlar və spesifikasiyalar Azərbaycan da daxil olmaqla, ölkələrə öz kibertəhlükəsizlik sistemlərini qurmağa, təhdidlərə qarşı dayanıqlığı gücləndirməyə, səriştələri inkişaf etdirməyə və ən vacibi, milli tənzimləmələrlə qlobal standartlar arasında ahəng yaratmağa kömək edir.
Məhz bu cür sinxronizasiya rəqəmsal gələcəyin formalaşması prosesinin iştirakçısı olmağa imkan verir.
- Kibertəhlükəsizlik baxımından süni intellekt sahəsində milli strategiyaların tətbiqi hansı risk və çağırışlara səbəb olur? Bu kontekstdə Azərbaycana hansı tövsiyələri verə bilərsiniz?
- Bu, olduqca geniş bir sualdır. İlk növbədə, hansı süni intellektdən danışdığımızı dəqiqləşdirmək vacibdir. Çünki süni intellekt yeni bir fenomen deyil. Mən onunla 32 il əvvəl "Subtelecom"da araşdırma yazarkən işləməyə başlamışdım və o zaman tamamilə fərqli texnologiya səviyyəsindən danışırdıq.
O vaxtdan bəri biz klassik maşın öyrənməsindən generativ süni intellektə qədər uzun bir yol keçmişik: indi isə yeni bir dövrün - agent əsaslı AI-nin yaranmasını müşahidə edirik. Hələlik onun haqqında az adam eşidib, lakin məhz o, həm son dərəcə böyük imkanlar, həm də yeni təhdidlər yaradır. Bu sahə başgicəlləndirici sürətlə inkişaf edir və tərəqqi ilə birlikdə yeni boşluq və hücum vektorları meydana çıxır.
 
    
    
Bu gün üç səviyyədən danışmaq olar - klassik AI, generativ AI və agent əsaslı AI. Onların hər biri Azərbaycan kimi ölkələr üçün risk daşıyır. Məsələn, agent AI avtonom şəkildə fəaliyyət göstərə bilir ki, bu da cinayətkarların alətlərini əhəmiyyətli dərəcədə genişləndirir. "Prompt injection" fenomeni ilə bağlı onu deyə bilərm ki, hələlik modellərdə "hallüsinasiyalar" yarada və onların nəticələrinə etimadı sarsıda bilən bu növ hücumlara qarşı mübarizə üsulumuz çox azdır. Bu, real və artan bir təhdiddir.
Azərbaycana tövsiyə edəcəyim istiqamətlərdən biri "AI for Good" tədbirində təqdim etdiyim süni intellekt təhlükəsizliyi ilə bağlı işimin nəticələrini diqqətlə öyrənməkdir. Orada ciddi irəliləyiş əldə etmişik və rəhbərlik etdiyim ITU-T SG17 qrupu bu gün bu sahənin beynəlxalq standartlaşdırılmasında aparıcı rol oynayır.
İcazənizlə, belə bir nümunə gətirim. Rəqəmsal sübutların getdikcə daha çox ortaya çıxdığı ədalət mühakiməsi sahəsini təsəvvür edin. Onların süni intellekt tərəfindən yaradılmadığına, həqiqi olduğuna necə əmin ola bilərik? Əgər bu suala cavab verə bilmiriksə, məhkəmə sisteminə etimadın sarsılması riski yaranır. Sübutların həqiqiliyini sübut etmək mümkün olmasa, cəmiyyət addım-addım ədalətə olan inamını itirə bilər.
Buna görə də ITU-ya üzv olan ölkə kimi Azərbaycana məsləhətim belədir: bizim tədqiqat qrupumuza qoşulun. Orada dünyanın hər yerindən ən yaxşı ekspertlər işləyir və bu kooperasiyada iştirak Azərbaycana təkcə öz strategiyasını (2025-2028-ci illəri əhatə edir) təkmilləşdirməyə deyil, həm də hələlik qəti cavabların olmadığı, lakin birgə hərəkət etməyin zəruri olduğu süni intellekt sahəsində qlobal təhlükəsizlik standartlarının formalaşdırılmasında fəal mövqe tutmağa imkan verəcək.
