“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzin “Blockchain”lə bağlı tədbir keçirilib

İKT
  • 28 iyul, 2017
  • 16:29
“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzin “Blockchain”lə bağlı tədbir keçirilib

Bakı. 28 iyul. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin ən uğurlu startaplarından biri olan – “Technote Media” son ayların geniş müzakirə mövzusu doğuran “Blockchain” ilə bağlı görüş təşkil edib. 

Bu barədə “Report”a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, “Blockchain” texnologiyası ilə təşəbbüskarlar startaplarını ICO-ya çıxarır və kriptovalyutalar vasitəsilə iri həcmli maliyyə resursları cəlb edir.

Bu mövzu Orxan Əhmədin moderatorluğu ilə müzakirə olunub. Görüşdə həmçinin “Blockchain” texnologiyasından startaplar necə faydalanır, Qlobal startaplar milyonlarla dollar vəsaiti ICO vasitəsilə necə cəlb edir, Birjalarda kriptovalyutaların qiymətinin sürətli şəkildə enməsinin ICO edən startaplara təsiri, “Blockchain” və kriptovalyuta alqı-satqısının fərqləri və “Blockchain” Texnologiyası, “Etherium” və “Bitcoin” kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə “Blockchain” sahəsi ilə maraqlanan və məşğul olan şəxslər və startaplar iştirak edib.

Sahibkarlığa dəstək vermək məqsədi ilə yaradılan və əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri, yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən Barama Innovasiya və Sahibkarlıq Mərkəzi müasir günümüzdə “Blockchain” sahəsinin aktuallığını nəzərə alaraq yeni tədbirlər təşkil etməyi planlaşdırır.