Azərbaycanda WEF-in "Qlobal Bacarıqlar Akseleratoru" təşəbbüsünün tətbiqinə başlanılır
- 17 sentyabr, 2026
- 11:20
2030-cu ilə qədər dünya miqyasında işçi qüvvəsinin təqribən yarısının yeni peşəkar bacarıqlar qazanmasına ehtiyac yaranacaq.
"Report" xəbər verir ki, bunu Dünya İqtisadi Forumunda (WEF) gələcək təşəbbüslər üzrə fəaliyyət rəhbəri Elison İqlşam (Alison Eaglesham) Bakıda keçirilən "Baku ID" (Baku Investment Day) innovasiya festivalında bildirib.
O bildirib ki, 2030-cu ilədək əmək bazarında çalışanların fundamental bacarıqlarının 39 %-nin transformasiyaya uğrayacağı, qlobal işçi qüvvəsinin isə yarıya yaxın hissəsinin ixtisasartırma (upskilling) prosesinə cəlb edilməsinin zəruri olacağı proqnozlaşdırılır:
"Analitik və yaradıcı düşüncə, liderlik və dözümlülük kimi mühüm bacarıqlar qarşıdakı illərdə də öz aktuallığını saxlayacaq. Bununla yanaşı, bu bacarıqlar süni intellekt, böyük verilənlər (big data) və kibertəhlükəsizlik sahələrində sürətlə təkmilləşən texniki biliklərlə zənginləşdirilir. Gələcəyin iş mühiti texnoloji potensialın və insan kapitalının özünəməxsus birləşməsini tələb edəcək. Bu bacarıqlar məcmusuna sahib olan iqtisadiyyatlar və əmək qüvvəsi gələcəkdə ən müvəffəqiyyətli nəticələr əldə edəcək".
E. İqlşam vurğulayıb ki, texnologiyalar və yeni iqtisadi modellər yalnız insanlar onları inkişaf etdirmək, öyrənmək və səmərəli şəkildə istifadə etmək qabiliyyətinə malik olduqda fayda gətirə bilər: "Forumun "Gələcəyin İş Yerləri Hesabatı"na (Future of Jobs Report) istinadən, işəgötürənlərin 63 %-i bacarıq defisitini biznesin transformasiyası yolunda başlıca əngəl olaraq qiymətləndirir. Məhz buna görə də, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) koordinasiyası çərçivəsində Dünya İqtisadi Forumunun "Qlobal Bacarıqlar Akseleratoru" proqramı Azərbaycanda reallaşdırılır. Bu təşəbbüs gələcək iqtisadiyyatın tələb etdiyi imkanları yaratmaq məqsədilə dövləti, sənaye sektorunu və akademik ictimaiyyəti vahid platformada birləşdirir".
E.İqlşam həmçinin əlavə edib ki, WEF indiyədək "Akselerator" proqramını dünya üzrə 35-dən artıq ölkədə icra edib və Azərbaycanın bu beynəlxalq birliyin üzvü olması yüksək qiymətə layiqdir.