Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib

İKT
  • 24 oktyabr, 2025
  • 12:45
Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib

Azərbaycan türk dövlətlərinin startap sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılmasını və regiondaxili bazarlara çıxış imkanlarının genişləndirilməsini dəstəkləmək məqsədilə Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edir.

"Report" xəbər verir ki, bu təkliflə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında çıxış edib.

"Platforma üzv ölkələr arasında innovasiya, startap və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın koordinasiyasını təmin edəcək, bilik, təcrübə və texnoloji resursların paylaşımını asanlaşdıracaq vahid mexanizm rolunu oynayacaq. Bu təşəbbüs regionda innovativ inkişafı sürətləndirəcək və gənc sahibkarların potensialının reallaşmasına yeni imkanlar yaradacaq", - nazir qeyd edib.

M. Cabbarov əlavə edib ki, bu il Bişkekdə imzalanmış Türk Dövlətləri Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) üzv ölkələr arasında rəqəmsal iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm mərhələdir:

"Bu saziş rəqəmsal ticarətin asanlaşdırılması, elektron ödənişlər, e-qaimə sistemləri, logistika və KOB-ların rəqəmsal inteqrasiyası üçün ortaq çərçivə yaradır. DEPA həmçinin rəqəmsal transformasiyanın hüquqi və texnoloji əsaslarını birləşdirərək Türk dövlətləri arasında vahid rəqəmsal bazanın formalaşmasına zəmin yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti