Dövlətxan Dövlətxanov: "Azərbaycan şəhərsalma üzrə beynəlxalq əməkdaşlığın inkişafında maraqlıdır"
- 21 oktyabr, 2026
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu qurumun sədr müavini Dövlətxan Dövlətxanov Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB iştirakçı dövlətlərinin Tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının XLVII iclasında bildirib.
O, tədbir iştirakçılarını 2027-ci ildə Azərbaycanda keçiriləcək IV Milli Şəhərsalma Forumuna dəvət edib, Azərbaycanın MDB ölkələri ilə şəhərsalma sahəsində əməkdaşlığının praktiki nəticələrinə diqqət çəkib, bildirib ki, bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, birgə layihələrin, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsini də əhatə edir.
Sədr müavini Prezident İlham Əliyevin 2026-cı ili Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan etməsini, eləcə də Bakıda keçirilmiş 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) nəticələrini diqqətə çatdırıb. O, qeyd edib ki, 176 ölkədən 58 minə yaxın iştirakçını bir araya gətirən Forum dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq dialoq və əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib.
Tədbirdə tikinti sektorunun inkişafı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ərazi planlaşdırılması, "ağıllı şəhər" yanaşmaları, rəqəmsal texnologiyaların tətbiqi və seysmik dayanıqlı tikinti sahəsində innovativ həllər müzakirə olunub. Həmçinin şəhərsalma və tikinti sahəsində aktual çağırışların həllində birgə yanaşmaların və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
İclasın yekununda Hökumətlərarası Şuranın, müvafiq təşkilatların və komissiyaların 2027-ci il üzrə iş planları, həmçinin Şuranın yeni iş reqlamenti təsdiq edilib.