Azərbaycan Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
- 08 oktyabr, 2025
- 18:04

Azərbaycan və Slovakiya nəqliyyat, energetika və rəqəmsal xidmətlər kimi kritik infrastruktur sahələrində kibertəhlükəsizlik üzrə mövcud fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.
"Report" xəbər verir ki, müzakirələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Slovakiya Respublikasının Kritik İnfrastruktur Assosiasiyasının prezidenti Tibor Strakanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı keçirilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, 2023-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası" çərçivəsində bir sıra sistemli tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
Görüş zamanı kibertəhlükəsizlik sahəsində, xüsusilə nəqliyyat və telekommunikasiya sektorları üzrə əməkdaşlıq imkanları, həmçinin dövlət və özəl sektorlar arasında təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Eyni zamanda ölkələrimiz arasında gələcək əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.