Apple yenidən dünyanın ən bahalı şirkəti olub

İKT
  • 28 iyul, 2026
  • 03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub

ABŞ-ın Apple korporasiyası Nvidia şirkətini geridə qoyaraq yenidən dünyanın bazar kapitallaşmasına görə ən böyük şirkəti olub.

"Report"un ticarət məlumatlarına istinadən verdiyi xəbərə görə, Apple səhmləri Nasdaq birjasında 1,17% artaraq bir səhm üçün 336,91 dollara yüksəlib. Eyni zamanda, Nvidia səhmləri 4,99% ucuzlaşaraq 196,51 dollara düşüb.

Apple şirkətinin bazar kapitallaşması 4,95 trilyon dollara çatıb, Nvidia-nın dəyəri isə 4,76 trilyon dollar olaraq qiymətləndirilib.

Kapitallaşmaya görə dünyanın ən böyük beş şirkəti sırasına, həmçinin Alphabet (4 trilyon dollar), Microsoft (2,89 trilyon dollar) və Amazon (2,49 trilyon dollar) daxildir.

Xatırladaq ki, iyulun 17-də Apple artıq qısa müddətə bazar kapitallaşmasına görə birinci yerə yüksəlmişdi, lakin liderliyi bir sutkadan da az müddət saxlaya bilmişdi. Bloomberg-in məlumatına görə, həmin vaxt şirkətin səhmlərinin artımı texnologiya sektorundan investisiyaların çıxması, o cümlədən Nvidia səhmlərinin dəyərinin azalması ilə bağlı olub.