Polkovnik-leytenant: “Hərbçilər xeyriyyə aksiyalarında fəal iştirak edirlər”
- 16 aprel, 2020
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri sırasında həssas təbəqədən olan adamlara xüsusi diqqət göstərilməsi ürəkaçandır və belə xeyirxah niyyətli tədbirlər cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Müdafiə Nazirliyinin bu günlərdə yaydığı məlumatda qeyd olunduğu kimi, Azərbaycan Ordusunun hərbi qulluqçuları bu nəcib missiyanın həyata keçirilməsində fəallıq göstərirlər”.
Bunu “Report”a açıqlamasında müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Arif Pənahlı bildirib.
O qeyd edib ki, təkcə Bakıda deyil, müxtəlif bölgələrdə də ordu komandanlıqlarının nümayəndələri müharibədə iştirak etmiş ahıllara, şəhid ailələrinə və əlillərə baş çəkir, onlara zəruri ərzaq yardımı ilə kömək edirlər: “Belə tədbirlərdə hərbi qulluqçuların görüşdükləri adamlardan yeğanə istəyi, xahişi isə ondan ibarətdir ki, heç kim evindən kənara çıxmasın.
Əlbəttə, bu təkcə onların özləri üçün deyil, həm də doğmalarının sağlamlığının qurunması naminə faydalıdır. Məhz həkimlərin də tələbi belədir ki, həssas təbəqənin nümayəndələri, yəni ahıllar, şəhidlərimizin valideynləri, müharibə veteranları evdən kənara çıxmamalı və kainatı qorxuya salan koronavirusun daşıyıcıları olmamalıdır. Onlara vacib ərzaq payının çatdırılmasında isə dövlətimiz ilk gündən köməyini əsirgəmir.
Bu sahədə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən atılan addımlar da təqdirəlayiqdir. Üzərlərinə düşən çətin və şərəfli vəzifələrin öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız belə çətin günlərdə doğrudan da vacib və xeyirxah bir missiyanın sahibləri kimi özlərini cəmiyyətimizə daha dərindən tanıdırlar.
Müharibə veteranları, şəhid valideynləri, Qarabağ savaşında sağlamlığını itirmiş əlil döyüşçülər isə belə çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə, dövlətimizə, şəxsən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edirlər. Hər bir şəhid ailəsi, müharibə əlili və yaşı 65-dən yuxarı olan müharibə veteranı inamla qeyd edir ki, narahat günlərdə onların yad edilməsi ürəklərini riqqətə gətirir və inanırlar ki, onlar tənha, köməksiz deyillər. Çünki onları düşünən, qiymətləndirən var.
Yeri gəlmişkən, bir məsələni qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi döyüş yolu keçmiş veteranları, əlilləri, şəhid ailələrinin üzvlərini daim nəzərində saxlayır. Təsadüfi deyil ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ordu rəhbərliyində təmsil olunan yüksək rütbəli hərbçilərimiz vaxtaşırı bölgələrdə keçirilən vətənpərvərlik tədbirlərində belə təbəqədən olan adamlarla görüşür, onları diqqətlə dinləyirlər. Şübhəsiz bu addımlar cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradır və əhalinin orduya olan inam hissini daha da artırır.
İnanmaq istərdik ki, hazırkı çətin günlərimizdə vəzifə borcunu şərəflə yerinə yetirən hərbi qulluqçuların gərgin xidmətləri əvəzində sağlamlığı qorunan vətəndaşlarımız evlərində qalmaqla həm özlərini, həm də başqalarını, bütövlükdə cəmiyyətimizi qorxulu koronavirusa yoluxmaqdan xilas edəcəklər”.