Azərbaycanın neft-qaz sektorunun 2031-ci ilə qədər vergi öhdəlikləri müəyyənləşib
- 16 oktyabr, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 milyard 430 milyon manat məbləğində müəyyən edilmiş büdcə öhdəliyinin 3 milyard 580 milyon manatı neft-qaz sektorunun payına düşməlidir ki, bunun da 1 milyard 840 milyon manatını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təmin etməli olacaq.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,2 % çoxdur.
SOCAR-ın 2028-ci ildə 1 milyard 820 milyon manat, 2029-cu ildə 1 milyard 830 milyon manat, 2030-cu ildə isə 1 milyard 850 milyon manat vergi ödənişi həyata keçirəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, gələn il "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində Hasilatın Pay Bölgüsü Sazişindən mənfəət vergisinin 320 milyon manat səviyyəsində olacağı nəzərdə tutulur. Bu rəqəm 2026-cı ilin təsdiq edilmiş proqnozundan 6,7 % çox olacaq. Həmin istiqamətdə vergi daxilolmalarının 2028-ci ildə 320 milyon manat, 2029-cu ildə 330 milyon manat, 2030-cu ildə isə 340 milyon manat təşkil edəcəyi gözlənilir.
Eyni zamanda, 2027-ci ildə "Şahdəniz" layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişindən mənfəət vergisinin 1 milyard 420 milyon manat məbləğində olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 11,25 % azdır. Bu istiqamətdə vergi daxilolmalarının 2028-ci ildə 1 milyard manat, 2029-cu ildə 850 milyon manat, 2030-cu ildə isə 700 milyon manat olacağı gözlənilir.