Azərbaycan müdafiə nazirinin müavinləri Gürcüstanda hərbi mərkəzdə olublar - YENİLƏNİB

Hərbi
  • 22 noyabr, 2023
  • 12:57
Azərbaycan müdafiə nazirinin müavinləri Gürcüstanda hərbi mərkəzdə olublar - YENİLƏNİB

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Gürcüstanda işgüzar səfərdədir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Tbilisidəki Heydər Əliyev parkına gələn müdafiə nazirinin müavinləri burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıblar.

Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanı ziyarət edilib, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyulub.

Səfər çərçivəsində Gürcüstan Respublikası müdafiə nazirinin müavini cənab Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüş keçirilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

16:49

Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Gürcüstana səfəri çərçivəsində "Delta" Dövlət Hərbi Elmi-Texniki mərkəzində olublar.

"Report"un yerli bürosunun xəbərinə görə, mərkəzin rəhbərliyi nümayəndə heyətinə Gürcüstanın hərbi sənaye kompleksi, sülh və müharibə şəraitində istifadə olunan hərbi texnikalar barədə məlumat verib.

Müdafiə nazirinin müavinlərini gürcüstanlı həmkarları Giorgi Xaindrava və Zaza Çikaidze, "Delta" Dövlət Hərbi-Elmi Texniki Mərkəzinin rəhbəri İoseb Loladze müşayiət ediblər.

44 - Tezliklə