Zaqatalada yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə
  • 13 dekabr, 2022
  • 05:45
Zaqatalada yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Zaqatalada yol qəzası nəticəsində bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Yusif Musayevin məhkəməsi başlayır.

"Report"un xəbərinə görə, cinayət işin ibtidai istintaqı başa çatıb, baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin avqustunda Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Aşağı Çardaqlar kənd sakini 29 yaşlı Y.Musayevin idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Höytala kənd sakini 34 yaşlı Ramazan Qabacovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alsa da, R.Qabaçov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər sürücü Y.Musayev isə ağır xəsarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Y.Musayevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

44 filmi