Yevlaxda həmyerlisini döyən şəxsin cəzası azaldılıb
- 10 fevral, 2017
- 13:44
Bakı. 10 fevral. REPORT.AZ/ Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Dünyamalıyev İkram Ağamalı oğlunun barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi baş çatıb.
“Report”un məlumatına görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Dünyamalıyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, İ.Dünyamalıyevin cinayət əməli Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsindən CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma) maddəsinə tövsif olunub. Onun cəzası 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 3 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, hadisə 19 oktyabr 2015-ci il tarixdə saat 23:00 radələrində Yevlax şəhəri H.Əliyev prospekti 105 ünvanında baş verib. Həmin ünvanda yerləşən avtomaşın təmiri emalatxanasının qarşısındakı küçədə Yevlax rayon sakini İ.Dünyamalıyev həmyerlisi İsayev Niyaməddin Nadir oğluna balıq satdığı piştaxtasının onun piştaxtasına yaxın olmasına görə irad tutub. Daha sonra o, N.İsayevə nalayiq söyüşlərlə söyüb təhqir edib, başı ilə bir dəfə qəsdən onun sifət nahiyəsinə zərbə endirərərk, yerə yıxıb. Nəticədə N.İsayev ağır dərəcəli bədən xəsarəti alıb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan İ.Dünyamalıyevin barəsində CM-in 126.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.