Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb

Digər ölkələr
  • 04 noyabr, 2026
  • 01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb

Serbiyanın paytaxtı Belqraddan Rusiyanın paytaxtı Moskva istiqamətində uçan sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən geri qaytarılaraq "Nikola Tesla" hava limanına eniş edib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə "Nova.rs" portalı məlumat yayıb.

Bildirilib ki, JU134 reys nömrəli təyyarə bu gün yerli vaxtla saat 18:48-də Belqraddan havaya qalxıb. Litvanın cənubuna çatdıqdan sonra ona geri qayıtmaq barədə göstəriş verilib.

"Nova.rs" portalının qeyri-rəsmi məlumatına əsasən, təyyarənin göyərtəsində Serbiyanın Sosialist Hərəkatının sədri Aleksandar Vulin, "Srbijagas" şirkətinin direktoru Duşan Bayatoviç və Serbiya Xalq Partiyasının (SNP) sədri Nenad Popoviç olub.

Portalın mənbəsinin bildirdiyinə görə, təyyarənin geri qaytarılması barədə göstərişi hava limanının korporativ təhlükəsizlik direktoru verib. Qərarın təhlükəsizlik səbəbləri ilə əlaqədar qəbul edildiyi iddia olunur.

"FlightRadar" platformasının məlumatına görə, təyyarə saat 22:00-dan bir qədər əvvəl Belqrada eniş edib.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.