Sürücünün yol polisinə yalvarmasını əks etdirən görüntülərlə bağlı araşdırmanın nəticəsi açıqlanıb

Hadisə
  • 25 yanvar, 2017
  • 13:23
Sürücünün yol polisinə yalvarmasını əks etdirən görüntülərlə bağlı araşdırmanın nəticəsi açıqlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sosial şəbəkələrdə sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı apardığı araşdırmalar yekunlaşıb.

Bu barədə "Report"a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, Yol Patrul Xidmətinin inspektorlarının yük avtomobilinin sürücüsünə qarşı qeyri-etik hərəkətlərə yol verilməsini əks etdirən və sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində xidməti araşdırma aparılıb: "Nəticədə onların polis baş serjantları Elvin Mövlamovun və Firuddin İdrisovun olması müəyyən edilib".

K.Əliyev bildirib ki, video görüntü ötən ilin noyabr ayında lentə alınıb. "Həmin hadisədən bir ay sonra Firuddin İdrisov 2016-cı ilin dekabr ayında xidmətdə yol verdiyi digər nöqsanlara görə 13.12.2016-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Elvin Mövlamov isə özünün şəxsi mobil telefonu ilə qeydə aldığı videogörüntülərdəki faktlar təsdiqini tapdığına görə o, 24.01.2017-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib"