Bəraət alan həkimin işi yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilib

Hadisə
  • 10 may, 2019
  • 13:22
Bəraət alan həkimin işi yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilib
Report

Ali Məhkəmədə Sumqayıt şəhərində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib. Ali Məhkəmə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Daha sonra "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova bəraət verilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti, zərərçəkmiş isə apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya protesti və apelyasiya şikayəti təmin olunmayıb.