Şəkidəki istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Hadisə
  • 08 sentyabr, 2026
  • 21:14
Şəkidəki istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirməsi ilə bağlı araşdırma başlanılıb.

"Report" xəbər verir ki, faktla bağlı araşdırma Şəki rayon prokurorluğunda aparılır.

Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Bu barədə "Report"un Şimal-qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Vurğulanıb ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırıldığı, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirdiyi bildirilir. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi söylənilir.