Sabiq MTN əməkdaşının müdafiəsinə yeni vəkil qoşulub

Hadisə
  • 11 iyul, 2018
  • 07:24
Sabiq MTN əməkdaşının müdafiəsinə yeni vəkil qoşulub

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə T.Rəcəbovun müdafiəsinə yeni vəkilin qoşulduğu məlum olub.

Vəkil isə müvəkkili ilə yeni müqavilə bağladığını və cinayət işi ilə tanış olmadığını bildirərək məhkəmədən vaxt istəyib.

Məhkəmə iclası iyulun 16-dək təxirə salıb.

İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.

T.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib.

T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb. T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir.

Ötən məhkəmə iclasında anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.

44 - Tezliklə