Prokuror Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinə cəza istəyib

Hadisə
  • 20 dekabr, 2017
  • 07:02
Prokuror Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinə cəza istəyib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb.

M.Vəliyev CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham olunur.