IMF: Ticarətin şaxələndirilməsi Cənubi Qafqazda iqtisadi artımda mühüm əhəmiyyət daşıyır
- 15 oktyabr, 2026
- 09:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ticarətin şaxələndirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadi artımın dəstəklənməsi üçün mühüm əhəmiyyətə malikdir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur "Yaxın Şərq və Mərkəzi Asiyanın regional iqtisadi inkişaf proqnozu" mövzusunda keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, ticarətin şaxələndirilməsi region ölkələrinə iqtisadi artımı dəstəkləməyə və sürətləndirməyə kömək etməklə mühüm rol oynayacaq: "Bu məsələ həm Qafqaz və Mərkəzi Asiya dövlətləri, həm də Yaxın Şərq ölkələri üçün aktualdır".
C.Azur qeyd edib ki, nəqliyyat bağlantısı region üçün ikinci əsas prioritetə çevrilir: "Nəqliyyat dəhlizlərinin inkişafı həm xarici sarsıntılar fonunda qıtlığın aradan qaldırılması, həm də iqtisadi imkanların genişləndirilməsi üçün zəruridir".
Bundan əlavə, o, satış bazarlarının genişləndirilməsi, infrastrukturun inkişafı və milli iqtisadiyyatların dayanıqlılığının artırılması üçün yeni alət qismində çıxış edən regional inteqrasiyanın dərinləşdirilməsini üçüncü ən mühüm istiqamət adlandırıb: "IMF müvafiq islahatların həyata keçirilməsini sürətləndirmək məqsədilə region ölkələri ilə fəal əməkdaşlıq edir".