Perinatal mərkəzdə yanğınla bağlı məhkəmədə: Tüstüyə görə bəzi körpələri çıxarmaq mümkün olmadı
- 08 oktyabr, 2025
- 17:40

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmədə şahidlər ifadə verib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda ifadə verən şahid Leyla Abdullayeva deyib ki, Perinatal Mərkəzdə neonatoloq işləyib:
"Yanğın baş verən vaxt növbədə iki həkim var idi. Küvəzlər müəyyən cihazlara bağlı olduğu üçün körpələri birbaşa götürmək olmazdı. Biz ilk olaraq yanğını söndürməyə çalışırdıq, çünki küvəzləri çıxarmaq daha təhlükəli idi. Küvəzlər monitora bağlı idi, həmin monitordan onların vəziyyəti izlənilirdi. Sonra tüstü yayıldı, ona görə də körpələri çıxarmağa başladıq. Hadisədən əvvəl bir körpənin vəziyyəti kritik idi. Ona görə ilk olaraq onu çıxardıq. Tüstü daha da yayılmağa başladı, bu zaman orada hələ də körpə var idi".
Leyla Abdullayeva əlavə edib ki, mərkəzdə tibb bacılarının sayı az olub. O, bununla bağlı mərkəzin rəhbərliyinə müraciət etdiyini bildirib.
Növbəti iclas oktyabrın 22-nə təyin olunub.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.