Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar
- 18 oktyabr, 2026
- 21:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirini 1 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ümumilikdə 14 medalla tamamlayıblar.
"Report" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Südabə Ağayeva (70 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Madina Kaisinova (+78 kq) turniri gümüş mükafatla başa vurub.
Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (-70 kq) isə bürünc medala yiyələniblər.
Xatırladaq ki, yarışın ilk günündə Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş, Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Gülnarə Bayramova (57 kq) isə bürünc medal əldə ediblər.