MTN generalının apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib
- 29 oktyabr, 2018
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə S.Qurbanovun vəkili Adil İsmayılov vəsatət qaldırıb.
O, məhkəmə heyətinə etiraz etdiyini bildirib.
Vəkil söyləyib ki, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi məhkəmə heyəti "MTN işi" üzrə digər təqsirləndirilən generalı Akif Çovdarov və daha üç nəfər şəxsin şikayətinə baxıb: "Bu işin bəzi epizodları Akif Çovdarovun işindəki epizodlarla eynidir. Buna görə də məhkəmə heyətinə etiraz edirəm".
Məhkəmə etirazla bağlı qərarını oktyabrın 30-da elan edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra məhkumlar apellyasiya şikayəti veriblər.