Göygöldə 3 PQ-7L raketi tapılıb
- 02 aprel, 2018
- 13:56
Bakı. 2 aprel. REPORT.AZ/ Göygöl rayonunda üç raket tapılıb.
ANAMA-dan "Report"a verilən məlumata görə, aprelin 2-də saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
"Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd PQ-7L raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş raketlərin ətrafında 10 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib", - məlumatda qeyd olunub.
Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən aprelin 2-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 9 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 1 332 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 18 050 kv.m ərazi yoxlanılıb.