Xocalıdan olan həkim: "Ermənilər uşaqların gözü qarşısında girov götürdükləri kişinin başını kəsirdilər"

Hadisə
  • 26 fevral, 2022
  • 19:51
Xocalıdan olan həkim: Ermənilər uşaqların gözü qarşısında girov götürdükləri kişinin başını kəsirdilər

"Ermənilər uşaqların gözü qarşısında girov götürdüyü kişinin başını kəsirdilər".

Bu sözləri "Report"un Qərb bürosuna 3 gün girovluqda olan Xocalı sakini, həkim Məmməd Nağıyev bildirib.

69 yaşlı həkim faciə gecəsi baş verənləri bu cür xatırlayır:

"Faciə gecəsi həkim olduğum üçün bir yaralımıza evində tibbi yardım göstərirdim. Düşmənin hücümu başladıqda yaralını da götürüb 150 nəfərlik bir qrupla Ağdam istiqamətinə getməyə başladıq. Ayın 27-nə qədər biz meşəlik ərazidə gizlənməyə məcbur olduq. Sonra Kətik dağının yaxınlığından keçib Ağdama getmək istəyən zaman ermənilər bizi yolumuzu onlara tərəf döndərməyə çalışdılar. 150 metr onlara tərəf gedəndən sonra bildik ki, onlar bizi tələyə salmağa çalışırlar. Tez yaxınlıqdakı dərəyə tərəf qaçdıq və onlarla döyüşməyə başladıq".

On il Xankəndidə həkim çalışan M.Nağıyev deyir ki, güllələr az olduğundan düşmənə müqavimət göstərə bilməyiblər:

"Girov düşdükdən sonra bizi Əsgəranda xeyir-şər evi olan yerə apardılar. Orda üzərimizdə olan pul, qızıl və digər dəyərli əşyaları götürdülər. Hətta içərimizdə qızıl dişləri olanların hamısının dişlərini adi kəlbətinlə çəkib çıxardılar. Onlardan bir neçəsi ağrıdan komaya düşmüşdü".

Xocalı sakini düşmənin amansız və qəddar davranışlarının əyani şahidi olub:

"Bizim aramızda Özbəkistandan gəlmiş Əhməd adında 20-22 yaşlı Ahısxa türkü var idi. Gözümüzün önündə onun başını kəsdilər. Bütün bu vəhşiliklər uşaqların yanında törədilirdi. Biz onların gözlərini yumub baxmalarına mane olmağa çalışsaq da, vandallar bizim qolumduzdan tutub qoymurdular. Ac-susuz qalan o uşaqlar ata və analarını çağırırdılar, yemək istəyirdilər. O an mən düşünürdüm ki, görəsən mən də 2 övladıma qovuşa biləcəyimi düşünürdüm. Şükürlər olsun ki, bir neçə gündən sonra mən və bir qrup sakin erməni əsirlərlə dəyişdirilib geri qaytarıldıq".

44 - Tezliklə