Dələduzluqda təqsirli bilinən "makler"in şikayətinə baxılır
- 05 dekabr, 2019
- 07:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirli bilinən Mehti Mehtiyevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası dekabrın 17-ə təyin edilib.
İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.
"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.
İstintaqa cəlb edilən M.Mehtiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mehtiyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 32.5, 313 -cü (vəzifə saxtakarlığı cinayətində iştirakçılıq), 32.5, 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətində iştirakçılıq) maddələri ilə təqsirli bilinib.