Beyləqanda su obyektlərini zibilləyən şadlıq evi və süd emalı sexinin sahibi cərimələnib

Hadisə
  • 28 noyabr, 2018
  • 08:21
Beyləqanda su obyektlərini zibilləyən şadlıq evi və süd emalı sexinin sahibi cərimələnib

Bakı. 28 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə noyabrın 26-da Beyləqan rayonu ərazisində reyd keçiriblər.

DİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rayonun İmamverdilər kəndi ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi faktına görə orada fəaliyyət göstərən şadlıq evi və süd emalı sexinin sahibi T.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd emalı sexindən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün laboratoriyaya təhvil verilib.