Bakıda tanışını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb
- 11 iyun, 2018
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində tanışını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bu barədə "Report"a R.Məmmədovun vəkili Adəm Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, R.Məmmədovun 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası 14 ilə endirilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
R.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.