Bakıda kafedə cinayət törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- 27 noyabr, 2017
- 09:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il mart ayının 26-da gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə T.Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" kafesinin inzibatçısı - Bakı şəhər sakini F.Musayevlə mübahisə edib.
İnzibatçı F.Musayev aralarında baş verən münaqişə zəminində T.Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən F.Musayev onun dostu ilə birgə T.Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib. Məlumata görə, həmin gün gecə klubunda müğənnilərdən birinin konsert proqramı olub. Mərhum T.Məmmədov isə dostları ilə həmin partidə iştrak edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı F.Musayevi saxlayıblar. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.