Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə
  • 11 oktyabr, 2021
  • 08:10
Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Əhliman Əsgərov vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.