Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslərin apellyasiya şikayəti təmin edilməyib
- 24 noyabr, 2017
- 06:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, təqsirləndirilən M.Əliyevlə V.Osmanov Bakıda pul köçürmələri ilə məşğul olaraq cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"da xidməti otaqları da olub.
Həmin şəxslər Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 10 il, V.Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.