Badamdarda yaşayış binasında partlayışda xəsarət alan 20 yaşlı gəncin vəziyyəti ağırdır - YENİLƏNİB

Hadisə
  • 16 sentyabr, 2026
  • 17:38
Badamdarda yaşayış binasında partlayışda xəsarət alan 20 yaşlı gəncin vəziyyəti ağırdır - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən baş verən partlayışda xəsarət alan 20 yaşlı şəxsin vəziyyəti ağırdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən cavab verilib.

Bildirilib ki, 2006-cı il təvəllüdlü gənc (kişi) bədənin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona baş, boyun, gövdənin hər iki aşağı və yuxarı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Müxbir: Sevil Seymur

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.