Azərbaycana dərman preparatlarının qanunsuz gətirilməsinin qarşısı alınıb
- 04 aprel, 2019
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonundakı arxa aynanın qarşısında - sellofan torbaların içərisində və ön oturacağın ayaqaltlığının altında üzərində "Phistoclozanid 500" yazısı olan 300 ədəd həb, üzərində gürcü əlifbası ilə yazılar olan 50 qramlıq 20 flakon, 10 qramlıq 80 flakon və 20 qramlıq 20 flakon dərman preparatları aşkarlanıb.
Bundan başqa, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çamadan rentgen aparatından keçəndə monitorda şübhəli əşyaların təsviri əks olunub. Vətəndaş gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus qara çantanın içərisindəki şəxsi geyim əşyalarının arasında qara sellofana bükülü, üzərində "Lirika 75 mq Preqabalin" sözləri yazılan 56 ədəd ağ-qırmızı rəngli kapsul aşkar edilib.
Qeyd edək ki, Preqabalin "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir.
Hər iki faktla bağlı araşdırma aparılır.